"Neftçi"nin basketbol komandasının baş məşqçisi: "Səhvlərin üzərində işləməliyik"
- 16 oktyabr, 2025
- 10:02

FIBA Avropa Kubokunun əsas mərhələsinin ilk oyununda uduzan "Neftçi"nin basketbol komandası səhvlər üzərində işləməlidir.
"Report" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Vitali Stepanovski klubun rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis Polşada "Trefl"ə məğlub olduqları (63:92) qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Klubumuz üçün tarixi bir oyun idi. Çünki ilk dəfə idi ki, Avropa Kubokunda çıxış edirdik. Təəssüf ki, məğlub olduq. Oyunun əvvəli və sonu istədiyimiz kimi getmədi, bizim üçün o qədər də yaxşı alınmadı. Qarşılaşmanın əvvəlindən rəqibə 12 xallıq üstünlük verdik. Bundan sonra bütün oyun boyu xal fərqini azaltmağa çalışdıq. Deyə bilərəm ki, 30 dəqiqə yaxşı oynadıq. Amma qeyd etdiyim kimi, başlanğıc və son bizim üçün yaxşı keçmədi".
Stepanovski irəli baxmalı olduqlarını vurğulayıb:
"Təhlil etməliyik və səhvlər üzərində işləməliyik ki, növbəti oyunlarda onları təkrarlamayaq".