Maqsud Adıgözəlov: "Azərbaycan Basketbol Liqasında zirvədəki yerimizi qoruduğumuz üçün sevincliyik"
- 06 may, 2026
- 16:05
"Sabah" basketbol klubunun məqsədi zirvədəki yerini qorumaq olub.
Bunu "Report"a a açıqlamasında adıçəkilən klubun prezidenti Maqsud Adıgözəlov deyib.
O, komandasının ardıcıl 4 il Azərbaycan Basketbol Liqasının qalibi olmasına münasibət bildirib:
"Zirvədəki yerimizi qoruyub saxladığımız üçün sevincliyik. Bizim üçün əsas olan bu idi. Azərbaycan Basketbol Liqasında iştirak edən komandalar hər il güclənir. Rəqabət ildən-ilə artır. Xoşbəxtik ki, sonda qalib gələn tərəf olduq. Finalda məğlub etdiyimiz "Abşeron Lions" yaxşı oyunçulardan təşkil olunub".
Klub rəhbəri Çempionlar Liqasında da uğurlu çıxışa ümid etdiklərini bildirib:
"İndidən bu oyunlar barədə danışmaq tezdir. Gəlin hadisələri qabaqlamayaq. Lakin biz hər zaman komandamız barədə ən yaxşısına ümid edirik".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.