CEV-dən ilk dəfə təyinat alan Yelena Parxomenko: "Etimadı doğrultmaq üçün çalışacağam"
- 27 noyabr, 2025
- 12:23
Azərbaycanın kişilərdən ibarət voleybol millisinin meneceri Yelena Parxomenko ona güvənən insanların etimadını doğrultmağa çalışacaq.
Avropa Voleybol Konfederasiyasından (CEV) ilk dəfə beynəlxalq matça təyinat alan funksioner bu barədə "Report"a açıqlama verib.
CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" (Türkiyə) – "Avarca Menorca" (İspaniya) oyununda supervayzer kimi hakimlərin işini qiymətləndirəcək Parxomenko işinin məsuliyyətli olduğunu söyləyib:
"Bu, mənim ilk beynəlxalq təyinatımdır. Bundan əvvəl 9 il Azərbaycanın gənclərdən ibarət millisində menecer kimi çalışmışam. O zaman prosesin digər tərəfində idim. Orada da böyük məsuliyyət və iş yükü var idi. Burada isə supervayzer kimi artıq başqa tərəfdəyəm. Komandaların qaydalara tam əməl etməsi üçün sənədləri qəbul etməli, formaları yoxlamalı və sair işlər görməliyəm. Həmçinin, beynəlxalq və CEV qaydalarına uyğun şəkildə zalı təftiş etməliyəm. Əlbəttə, bu, həyəcanlıdır və böyük məsuliyyətdir. Məqsədim oyun zamanı hər şeyin ilk dəqiqədən sonadək problemsiz keçməsidir".
Keçmiş voleybolçu menecerlərin də bəzən haradasa səhvlər etdiyini diqqətə çatdırıb:
"Nəsə yaddan çıxa və hansısa sənəd gecikdirilə bilər. Bu səbəbdən daim diqqətli olmalı, onlara vaxtında kömək etməli, yönləndirməli, dəstək olmalısan. Onların işi qaydasında olsa, mənim tərəfimdən də hər şey problemsiz gedəcək. Ümid edirəm ki, bundan sonra hər şey daha da yaxşı və asan olacaq. Bu, idman həyatımda yeni bir mərhələnin başlanğıcıdır. Mənə güvənən müəllimlərimin və bu rolda məni görmək istəyən insanların etimadını doğrultmaq üçün maksimum çalışacağam. Ən əsası, onların mənə görə utanmamaları üçün bunları edəcəyəm".
Yelena Parxomenko dəstək üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edib:
"Uzun illərdir CEV supervayzeri olan Mixail Frişman və Zöhrab Gözəlbəyliyə minnətdaram. İstənilən vaxt onlara müraciət edirəm və mənə kömək edirlər, istiqamət göstərirlər. Onlar olmasaydı, bu proses daha çətin alınardı. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. 2026-cı ildə voleybol üzrə Avropa çempionatının C qrupunun oyunları Bakıda keçiriləcək. Supervayzer kimi bu təcrübə, beynəlxalq oyunlarda iştirak, zalların yoxlanılması, formaların uyğunluğu, komandaların tam hazır olması ilə bağlı işlər - bunların hamısı həmin Avropa çempionatı üçün çox dəyərli təcrübədir. Beş komanda ölkəmizə gələcək və biz hər şeyi ən yüksək səviyyədə etməliyik. Əminəm ki, hər şey məhz belə də olacaq. Federasiyamız böyük yarışların təşkilində çox təcrübəlidir. 2017-ci ildə Avropa çempionatının finalı, Çempionlar Liqası, avrokubok finalları və digər böyük tədbirlər təşkil olunub. Bu, çoxsaylı və yüksək səviyyəli yarışlar keçirmiş bir komandadır və bu komandanın bir hissəsi olmaq mənim üçün qürurdur. Əminəm ki, biz birlikdə hər şeyi ən yüksək səviyyədə edəcəyik".