Azərbaycanlı voleybolçu: "İslamiadada mükafat qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Komanda
  • 03 noyabr, 2025
  • 11:53
Azərbaycanlı voleybolçu: İslamiadada mükafat qazanmaq üçün əlimizdən gələni edəcəyik
Aynur İmanova

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşmək üçün əllərindən gələni edəcəklər.

Bu barədə "Report"a yığmanın üzvü Aynur İmanova açıqlama verib.

O, artıq sözügedən şəhərdə ilk məşqlərini keçirdiklərini söyləyib:

"Yarışa hazırlıq üçün çox az vaxtımız olsa da, baş məşqçimiz Faiq Qarayevin rəhbərliyi ilə çalışdıq ki, bu qısa müddətdə həm məşqlər, həm də yoxlama oyunları vasitəsilə maksimum dərəcədə hazırlaşaq. Komandada əhval-ruhiyyə çox yaxşıdır".

Oyunçu Bakıda keçirilmiş IV İslamiadada qızıl medal qazandıqlarını xatırladıb:

"Növbəti İslam Həmrəyliyi Oyunlarında isə üçüncü yeri tutduq. Hər rəqibə hörmətlə yanaşırıq, amma meydançaya həmişə qələbə üçün çıxırıq. Bizim üçün əsas olan öz oyunumuzu göstərməkdir. Bunu bacarsaq, qalib gələcəyimizə inanıram. Əlimizdən gələni edəcəyik ki, mükafatçılar sırasında yer alaq. Meydançada hər xal uğrunda sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi turnirdə mübarizəyə noyabrın 4-də start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti