Azərbaycan millisinin üzvü: "Avropa çempionatında keçirdiyimiz oyunlar çox dəyərlidir"
- 17 noyabr, 2025
- 17:20
Azərbaycanın qadın basketbolçulardan ibarət yığması üçün Avropa çempionatında keçirdiyi oyunlar çox dəyərlidir.
Bunu "Report"a açıqlamasında milli üzvü Leyla Allahverdiyeva deyib.
Basketbolçu 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində qarşılaşdıqları Monteneqro və Bolqarıstan milliləri ilə oyunlar barədə fikirlərini bildirib:
"Bizə şərait yaratdığı üçün federasiyaya təşəkkür edirəm. Avropa çempionatında bu səviyyədə komandalara qarşı keçirdiyimiz oyunlar bizim üçün çox dəyərlidir və bir şansdır. İlk oyunumuz çətin keçsə də, əlimizdən gələni etdik. İkinci matçda daha yaxşı oynadıq. Ümid edirəm ki, üçüncü qarşılaşma digərlərindən daha yaxşı olacaq. Yaşımızın az olmasına baxmayaraq, növbəti görüşlərdə də mübarizə aparacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Azərbaycan millisinin digər üzvü Səlminaz Ramazanlı isə, gənc olmalarına baxmayaraq, qarşıdakı matçlarda da əllərindən gələni edəcəklərini söyləyib:
"2023-cü ildən beynəlxalq yarışlarda iştirak edirik. Turnirin ən gənc komandasıyıq. Avropa çempionatında iştirak həm mənim, həm də komanda yoldaşlarım üçün çox dəyərlidir. Belə yüksək səviyyəli oyunlara qatılmaq bizim üçün böyük şans və təcrübədir. Yaradılan şəraitə görə Azərbaycan Basketbol Fedrasiyasına təşəkkürümü bildirirəm. Oyunlara uzun müdət hazırlaşsaq da, az yoxlama matçı keçirdik. Bu səbəbdən ilk oyunda istədiyimiz nəticəni göstərə bilmədik. Monteneqroya qarşı ikinci oyunda komanda olaraq daha yaxşı çıxış etdik. Qarşıdan Ukrayna yığması ilə matç gəlir. Rəqiblə müqayisədə daha gəncik. Amma ölkəmiz adına əlimizdən gələni edəcəyik. Bizə inananlara və dəstək göstərənlərə təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi ilk iki matçda Montenteneqro (62:104) və Bolqarıstana (48:141) məğlub olub.