"Xankəndi" gəmisinin əsaslı təmiri başa çatıb

İnfrastruktur
  • 21 oktyabr, 2025
  • 12:00
Xankəndi gəmisinin əsaslı təmiri başa çatıb

Bakı Gəmiqayırma Zavodunda "Xankəndi" gəmisinin əsaslı təmiri başa çatıb.

Bu barədə "Report"a zavoddan məlumat verilib.

Bildirilib ki, zavodun peşəkar mühəndis və texniki heyəti tərəfindən aparılan genişmiqyaslı bərpa və təkmilləşdirmə işləri nəticəsində gəminin texniki göstəriciləri tam bərpa olunub, etibarlılığı və istismar müddəti artırılıb.

Layihənin uğurlu tamamlanması Bakı Gəmiqayırma Zavodunun yüksək istehsal potensialını, texniki imkanlarını və beynəlxalq standartlara uyğun fəaliyyətini bir daha təsdiqləyir.

Qeyd edək ki, "Xankəndi" - Xəzər dənizinin 378 milyon ABŞ dolları dəyərində olan yeni flaqman gəmisidir və 2017-ci ilin sentyabr ayında istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilib.

Ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) və "Keppel O&M" şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4 MVt və 2 ədəd 3,2 MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. "Xankəndi" gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər. Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla "Xankəndi" gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçilərinin əksəriyyəti yerli mütəxəssislərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti