Vüsal Şıxəliyev: "Yeni etalon laboratoriyalarının açılışı rəqabətli istehsal və ixrac üçün yeni imkanlar yaradır"

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 12:53
Vüsal Şıxəliyev: Yeni etalon laboratoriyalarının açılışı rəqabətli istehsal və ixrac üçün yeni imkanlar yaradır

Rəqabətədavamlı məhsulların istehsalı üçün əlverişli infrastrukturun formalaşdırılması və ixrac potensialının artırılması baxımından Azərbaycan Metrologiya İnstitutunda açılan yeni etalon laboratoriyaları mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Metrologiya İnstitutunda 7 yeni laboratoriyanın açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə metroloji infrastrukturun inkişafı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir:

"Bu, Prezident tərəfindən təsdiq edilmiş 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan əsas tədbirlərdən biridir və xüsusi əhəmiyyət kəsb edir".

V. Şıxəliyev vurğulayıb ki, yaradılan şərait ölkədə elmi tədqiqatların aparılması üçün geniş imkanlar açır:

"Heç də təsadüfi deyil ki, bugünkü tədbirdə aparıcı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı təmin olunub. Bu, elm və praktikanın inteqrasiyası baxımından mühüm platformadır. Eyni zamanda, gənc mütəxəssislərin nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirməsi üçün yeni imkanlar yaradır".

Onun sözlərinə görə, biznes mühitinə təsir baxımından da təşəbbüs əhəmiyyətli nəticələr vəd edir:

"Xüsusilə, qida və əczaçılıq sənayesində aparılacaq tədqiqatlar, etalon laboratoriyaların fəaliyyəti məhsulların inkişaf etdirilməsi üçün geniş perspektivlər açır. Əsas hədəflərdən biri də istehlak bazarında keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Bu, həm daxili bazarda istehlakçılara daha keyfiyyətli məhsulların təqdim olunmasına, həm də beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir".

V. Şıxəliyev əlavə edib ki, bu prosesin davamlı xarakter alması xüsusi önəm daşıyır: "Cəmi dörd ay əvvəl yeni müqayisələr laboratoriyasının alınması ilə bağlı müqavilələrin imzalanması mərasimi keçirilmişdi. Qısa müddətdə belə yüksək nəticələrin əldə olunması prosesin inklüzivliyini nümayiş etdirir".