Səfir: Azərbaycan və Pakistan ticarət dövriyyəsinin artması üçün reyslərin sayını artıracaq

İnfrastruktur
  • 17 sentyabr, 2025
  • 16:28
Səfir: Azərbaycan və Pakistan ticarət dövriyyəsinin artması üçün reyslərin sayını artıracaq

Azərbaycan və Pakistan qarşılıqlı ticarət dövriyyəsinin 100 milyon ABŞ dolları artması üçün reyslərin sayını artırmağı planlaşdırır.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda "Rəqəmsal onlayn ticarət" mövzusunda tanışlıq sessiyasında bildirib.

Səfir hər iki ölkənin ticarət və investisiyalara üstünlük verməklə bir çox sektorda əməkdaşlığı genişləndirməkdə qərarlı olduğunu bildirib.

O, iki ölkə arasında birbaşa hava əlaqələrinin inkişafına diqqət çəkib: "İndi Lahordan həftədə beş, İslamabaddan isə iki reys həyata keçirilir. Bu, işgüzar və şəxsi əlaqələri gücləndirir. Cari ticarətin 100 milyon dollar artırılması üçün reyslərin sayının daha da artırılması planlaşdırılır".

İslamabad Ticarət və Sənaye Palatasının (ICCI) prezidenti Sərdar Tahir Mehmud çıxışında Pakistanın Azərbaycanla dostluğa dəyər verdiyini bildirib və siyasi xoş məramın daha möhkəm iqtisadi əlaqələrə çevrilməsinə çağırıb.

O qeyd edib ki, Pakistan-Azərbaycan ticarət və investisiya onlayn platforması ixracatçılar, idxalçılar və investorlar üçün geniş imkanlar açacaq: "Buraya B2B formatında tərəfdaşların tapılması, elektron müqavilələrin bağlanması, logistik inteqrasiya və virtual sərgilərin keçirilməsi daxildir".

T.Mehmud bildirib ki, ICCI-nin sərgilərin təşkilini və tərəfdaşlıq münasibətlərinin qurulmasını dəstəkləməyə hazırdır.

Azərbaycan-Pakistan Birgə Ticarət və Sənaye Palatasının (APJCCI) Prezidenti Vakar Zafar Baxtavari isə səfirin ticarət və mədəni əlaqələrin möhkəmləndirilməsində diplomatik fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirin yekununda tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün səyləri gücləndirməyə razılaşıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti