"Rhenus Logistics" Orta Dəhlizə investisiya qoyuluşunu nəzərdən keçirir

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 14:14
Rhenus Logistics Orta Dəhlizə investisiya qoyuluşunu nəzərdən keçirir

Orta Dəhlizin alternativ və ya əlavə marşrut kimi mövcudluğu bütün Avropa ölkələri üçün əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu "Rhenus Logistics" şirkətinin EECCA regionu (Türkiyə, Mərkəzi Asiya və Cənubi Qafqaz) üzrə layihə rəhbəri Aleksandra Oqneva Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda  bildirib.

Onun sözlərinə görə, bir sıra geosiyasi sarsıntılardan sonra şirkətin Direktorlar Şurası regionda investisiya imkanlarını nəzərdən keçirmək qərarına gəlib. "Rhenus Logistics" Orta Dəhlizi təkcə nəqliyyat marşrutu kimi deyil, həm də transformasiya potensialına malik layihə kimi nəzərdən keçirir.

"O, müştərilərimiz üçün yeni həllərlə yanaşı, həm də üç əsas imkan şəklində dəyər verə bilər: yeni tariflərin müəyyən edilməsi, ötürmə qabiliyyətinin genişləndirilməsi və etibarlılığın artırılması. Bəli, bunun üçün vaxt lazım olacaq, lakin məhz burada logistika üçün yeni reallıq qurmaq mümkündür", - A.Oqneva qeyd edib.

O vurğulayıb ki, Avropa İttifaqı etibarlılıq məsələlərinə xüsusi diqqət yetirir, çünki bu, Aİ-nin tədarükün şaxələndirilməsi strategiyasının bir hissəsidir.

"Avropaya bütün tədarükün 65 %-ə qədəri bir marşrut üzrə həyata keçirilməlidir. Məhz buna görə də Orta Dəhlizin alternativ və ya əlavə istiqamət kimi mövcudluğu bütün Avropa ölkələri üçün son dərəcə vacibdir", - layihə rəhbəri əlavə edib.