Ulu Öndərin reallaşan arzusu - TRASEKA
- 11 iyul, 2023
- 13:48
Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bir sıra sahələrdə, o cümlədən nəqliyyat sahəsində də mühüm uğurlara nail olub. Heydər Əliyevin atdığı addımlar nəticəsində Azərbaycan nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkə statusunu bərpa edib. Ulu Öndər Qədim İpək Yolunu bərpa edən şəxsiyyətlərdəndir. Onun təşəbbüsü və siyasi iradəsi ilə qədim İpək Yolunun davamı olan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat Dəhlizi” (TRASEKA) layihəsi icra edildi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan bu gün də nəqliyyat dəhlizlərində vacib rol oynayır.
Qədim İpək yolu
Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yolu İpək Yolu adlandırılıb. Şərq xalqlarının inkişaf dinamikasında xüsusi əhəmiyyətə malik olan İpək Yolu e.ə. ikinci əsrin sonlarında Çinin paytaxtından başlayaq Orta Asiya və İran üzərindən Şərqi Aralıq dənizinə, Misirə, Avropaya qədər uzanıb. Qədim dövrlərdə bu yol Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələri birləşdirirdi. Tarixi faktlar Böyük İpək Yolunun bir neçə istiqaməti olduğunu və Asiya kontinentindən əsasən qərb istiqamətində çoxsaylı yolların keçdiyini sübut edir. Şərqi Çin dənizinin sahillərindən, Sinan şəhərindən başlanan İpək Yolu Lançjondan keçərək, Donxuana qədər uzanıb. Yolun bir qolu Kopetdağın şimal ətəyi ilə Xəzərin cənub hissəsindən keçib Azərbaycana daxil olub. İkinci qol isə Təklə-məkan səhrasının şimalından ötüb Dərbənd, Şamaxı-Gəncə, Batumi-İstanbula uzanaraq, Balkan yarımadası vasitəsilə Avropanın mərkəzinə istiqamətlənib.
Şərq ölkələri Böyük İpək Yolu sayəsində inkişaf ediblər. Belə ki, qədim Azərbaycan şəhərləri Bərdə, Şəki, Naxçıvan, Təbriz bu yolun üzərində yerləşdikləri üçün xüsusi inkişafları ilə seçiliblər və bu şəhərlər qədim dövrdə ticarət mərkəzləri olublar. Qədim dövrlərdə ipəyə böyük tələbat olub və bu parçanın müxtəlif növ xəstəliklərdən qoruduğu hesab edilib. Karvanlar vasitəsilə Çində istehsal edilən ipək, metal əşyalar, dulusçuluq məlumatları bu yolla Qərbə, Romaya daşınırdı. Karvanlar qayında isə Avropadan Şərqə istehsal edilən məhsullar gətirilirdi.
Heydər Əliyevin xəyaldan reallığa çevirdiyi tarixi İpək Yolu
İpək Yolu strategiyasının bərpası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Müstəqilliyin ilk illərində Azərbaycanın Avropa ilə nəqliyyat əlaqələrinin olmaması ölkə üçün çətinlik yaradırdı. Avropa İttifaqının irəli sürdüyü layihə Azərbaycanın Ulu Öndəri Heydər Əliyev tərəfindən dəstəklənir.
Avropa İttifaqının TRASEKA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRASEKA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib. Bu görüşün Bakıda keçirilməsi Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün olur. Həmin dövrdə bəzi regional və beynəlxalq dairələrin əsassız qısqanclığına baxmayaraq, TRASEKA layihəsinin qədim İpək Yolu üzərində yenidən qurularaq əksər region ölkələri üçün çox böyük əhəmiyyət kəsb etməsi sübuta yetirilmişdir. Bu layihənin cəlbediciliyi, ilk növbədə, onunla ölçülürdü ki, o, eyni zamanda, Rusiyanın, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o cümlədən geriyə çıxışını asanlaşdırırdı, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafına, dünya iqtisadiyyatı ilə inteqrasiyasına mühüm şərait yaradırdı.
TRASEKA layihəsi işə düşəndən, xüsusən BTQ istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalmışdır.
Avropa ilə Asiyanı birləşdirən dəhliz TRASEKA
Layihənin icrasında məqsəd Avropa, Qara dəniz və Xəzər regionlarında iqtisadi əlaqələrin, ticarətin və nəqliyyat kommunikasiyalarının inkişafına nail olmaq, yüklərin və sərnişinlərin beynəlxalq daşımalarının təmin edilməsi, avtomobil, hava və dəmir yolu nəqliyyatının, habelə kommersiya naviqasiyasının dünya bazarına çıxışının təmin edilməsi olub. Avropa İttifaqı TRASEKA Proqramı çərçivəsində 187 milyon avro dəyərində 85 layihə (14 investisiya layihəsi, 71 texniki yardım layihəsi) maliyyələşdirib. Layihələrin büdcəsinin 40%-dən çoxu dəhliz infrastrukturunun inkişafına yönəldilib. Layihələrin icrası regiona investisiyaların cəlb edilməsinə şərait yaradıb. Ümumilikdə, TRASEKA infrastrukturuna investisiyaları 4 milyard avrodan çox olub. Bu illər ərzində dəhlizdə rəqəmsallaşdırma təmin edilib və Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılmasına nail olub.
TRASEKA-nın ölkədə şaxələndirilməsi
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq dəhlizlərdə rolunun artırılması üçün böyükmiqyaslı işlər görüb. Bu işlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaradılması olub. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Tədricən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ötürücülük qabiliyyəti artırılacaq, bu marşruta daha çox yük cəlb ediləcək. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan dəmir yolu xəttinin Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılmasına təxminən 140 milyon ABŞ dolları ayıracaq. BTQ 5 ildir ki, fəaliyyət göstərsə də, onun tam gücü ilə işləməsi üçün əlavə investisiya qoymağa ehtiyac var. Ümumiyyətlə, Azərbaycan dəmir yolu xəttinin potensialının artırılmasını daim gündəmdə saxlayır. Orta Asiya ölkələri bəyan edib ki, Bakı-Tbilisi-Qars vasitəsilə daha çox yük göndərəcəklər.
Bununla yanaşı, ölkədə dəmir yollarının yükdaşıma qabiliyyətinin artırılması üçün investisiyalar yatırılıb. Layihələr icra edilib. Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti gələcəyə ümidlə baxmağa imkan verir.
TRASEKA-dan ayrılan qollar
2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılan Orta Dəhlizi TRASEKA-nın bir qolu hesab etmək olar. Şərq-Qərb dəhlizində Qazaxıstan və Rusiya ərazisindən keçən şimal hissəsi ən işlək nəqliyyat dəhlizi olub. Rusiya-Ukrayna münaqişəsi Avropa İttifaqı ölkələrinin yeni dəhlizlər axtarmasına səbəb olub. Bu gün Orta Dəhlizə maraq artır və Avropa ölkələri bu yol vasitəsilə yüklərini göndərirlər. Azərbaycan nəqliyyat infrasktukrunu genişləndirmişdi. Bu isə imkan verir ki, ölkə böyük həcmdə yük qəbul etsin. Azərbaycan Avropanın nəinki enerji təhlükəsizliyində, həmçinin nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol oynamağa davam edir. Hələ uzun illər beynəlxalq yüklər Azərbaycan ərazisindən keçəcək.
Beləliklə, Azərbaycanın Ulu Öndəri Azərbaycanı dünya nəqliyyat sisteminə inteqrasiya etdirdi. Onun təşəbbüsü və iradəsi ilə görülən işlər hələ də müsbət nəticələrini verir. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində vacib rol oynayır və uzun illər oynamağa da davam edəcək.