Overçuk: "Rusiya-Azərbaycan sərhəd hissəsi ilə yük dövriyyəsi 13 % artıb
- 13 oktyabr, 2025
- 13:56

Bu ilin birinci yarısında Rusiya-Azərbaycan sərhəd hissəsi ilə yük dövriyyəsinin həcmi 13 % artaraq 6,8 milyon ton təşkil edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.
"Rusiya-Azərbaycan dövlət sərhədində yerləşən avtomobil keçid məntəqələrinin buraxılış qabiliyyətini beş dəfə - gündəlik 400-dən 1 900 yük nəqliyyat vasitəsinə qədər artırmağa imkan verən tədbirlər gördük. Novo-Filya, Tahirkənd-Qazmalar və Yaraq-Qazmalar avtomobil keçid məntəqələrinin yenidən qurulmasından sonra Rusiya tərəfində yük nəqliyyatı üçün ümumi buraxılış qabiliyyəti gündə 3 min nəqliyyat vasitəsi təşkil edəcək", - o bildirib.
A.Overçuk qeyd edib ki, bu ilin yeddi ayı ərzində Azərbaycandan Rusiyaya idxal 9,5 % artaraq 742,4 milyon ABŞ dolları təşkil edib.