Orta Dəhlizin Özbəkistan seqmentində daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır
- 03 iyun, 2026
- 14:53
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (TMTM, Orta Dəhliz) Özbəkistan seqmentində daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda tədarük zəncirlərinin fasiləsizliyinin təmin edilməsi və nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi məqsədilə Çin–Avropa istiqamətində Mərkəzi Asiya və Qafqaz ölkələrinin ərazisindən keçən "CASCA+" və Orta Dəhliz çərçivəsində görülən işlər daha da aktuallaşıb: "Bununla yanaşı, Hörmüz boğazında yaranmış vəziyyət dəniz və quru nəqliyyatı marşrutları üzrə daşımaların yenidən istiqamətləndirilməsini sürətləndirir. Bu isə "CASCA+" və TMTM marşrutlarının üzərinə düşən yükün artmasına səbəb olur".
M. Mirxamodov bildirib ki, analitik məlumatlara əsasən, son üç ildə qlobal logistika zəncirləri 35 %-dən çox dəyişikliklərə məruz qalıb: "Nəticədə bəzi istiqamətlər üzrə yüklərin çatdırılma müddəti 20-40 % artıb. Məhz bu şəraitdə "CASCA+" nəqliyyat dəhlizi, yəni Orta Dəhliz Çinlə Mərkəzi Asiya arasında ən perspektivli marşrutlardan birinə çevrilir. Hazırda bu dəhliz vasitəsilə ildə təxminən 5 min konteyner səviyyəsində sabit daşıma axını təmin olunur. Cari ildə isə daşımaların həcminin 6,5-7 min konteynerə çatdırılması planlaşdırılır".