Ömər Bulut: "NUFA3 forumu gələcək istiqamətlərin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir"
- 16 oktyabr, 2025
- 15:52

III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) şəhərsalma və davamlı inkişaf sahəsində gələcək istiqamətlərin formalaşdırılmasında mühüm rol oynayır.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut forumun ikinci günündə bildirib.
Onun sözlərinə görə, forum həmçinin böyük bərpa layihələri həyata keçirən ölkələr arasında təcrübə mübadiləsi üçün platforma rolunu oynayır.
"Qarabağ və Şərqi Zəngəzurda layihələrin planlaşdırılması və həyata keçirilməsi mərhələləri ilə tanış olarkən əmin oldum ki, əgər hər hansı bir işə düzgün şəkildə başlasanız, doğrudan da yaxşı nəticələr əldə edə bilərsiniz. Biz bunu Türkiyədə də müşahidə etmişik. Hesab edirəm ki, bu forum həm aramızda təcrübə mübadiləsinin aparılması, həm də gələcək istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusilə dəyərlidir", - Ö.Bulut vurğulayıb.