Oksana Kiktenko: "Belqorod-Dnestrovski limanı Orta Dəhliz üçün Avropa platformasına çevriləcək" - MÜSAHİBƏ

İnfrastruktur
  • 18 sentyabr, 2025
  • 12:58
Oksana Kiktenko: Belqorod-Dnestrovski limanı Orta Dəhliz üçün Avropa platformasına çevriləcək - MÜSAHİBƏ

Belqorod-Dnestrovski dəniz limanı mühüm beynəlxalq tərəfdaşlarla əlaqələrini gücləndirərək yeni inkişaf səviyyəsinə qədəm qoyur. Diqqət mərkəzində Orta Dəhlizə inteqrasiya, tranzit marşrutlarının genişləndirilməsi və Avropa istiqamətində yüklərin aşırılması üçün müasir infrastrukturun yaradılmasıdır. Uğurla özəlləşdirilmiş liman özəl idarəetmənin çevikliyinə, bərə əlaqələrinin inkişafına və multimodal yükdaşıma mərkəzinin formalaşdırılmasına diqqət yetirir.

Limanın baş direktoru Oksana Kiktenko "Report"a eksklüziv müsahibəsində strateji prioritetlər, Ukrayna-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığının potensialı və Belqorod-Dnestrovski limanının qlobal logistikadakı rolundan danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Belqorod-Dnestrovski limanı üçün Bakı ilə əməkdaşlığın hansı istiqamətləri - tranzit layihələri, multimodal daşımalar, liman və nəqliyyat infrastrukturuna birgə investisiyalar və ya logistika mərkəzlərinin inkişafı daha perspektivlidir?

- Biz Belqorod-Dnestrovski limanında sürətlə artan yük axınının ehtiyaclarını nəzərə alacaq yeni platforma yaratmağı planlaşdırırıq, Azərbaycan nümayəndələri ilə danışıqlar apararaq bu istiqamətdə əməkdaşlıq qurmağa ümid edirik.

Biz multimodal daşımaları da nəzərdən keçiririk, çünki bu sahədə Azərbaycanın təcrübəsini öyrənməyə çalışırıq. Ələt Limanında artıq müasir bərə kompleksi yaradılıb və biz onlarla təcrübə mübadiləsi aparmaq istərdik. Əslində, hər şey bir-biri ilə əlaqəli olmalıdır: daşımaların sürətini artırmaq üçün logistika vahid marşrut, bir-birini tamamlayan elementlərdən ibarət infrastruktur boyunca qurulmalıdır. Belə olan halda biz həm çatdırılmanı sürətləndirə, həm də yüklərin aşırılma həcmlərini artıra biləcəyik.

- Hazırda Bakı Beynəlxalq Dəniz Limanı ilə danışıqlar aparılırmı? Əgər belədirsə, danışıqlar hansı mərhələdədir və Orta Dəhliz çərçivəsində Ukrayna-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığının formalaşması üçün hansı perspektivləri görürsünüz?

- Artıq müsbət əməkdaşlıq təcrübəsi var. Orta Dəhlizdə Gürcüstan, Azərbaycan və Türkmənistanın iştirakı ilə birgə platformalar formalaşdırılıb. Biz həmçinin Belqorod-Dnestrovski limanında terminalların tikintisi və idarə edilməsinə birgə investisiya qoyuluşu imkanını nəzərdən keçiririk. Biz Azərbaycanı Orta Dəhlizin ən vacib həlqəsi hesab edirik. Spikerlərin (Bakıda "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" konfransında - red.) qeyd etdiyi kimi, Orta Dəhliz Azərbaycan, Gürcüstan və Qazaxıstansız mümkün deyil - bunlar bir zəncirin həlqələridir.

Biz bu istiqamətin inkişafında Azərbaycanın böyük potensiala və strateji rola malik olduğunu görürük. Xəzərdəki problemlər Azərbaycanı xüsusilə vacib platformaya çevirir. Biz Azərbaycandan Gürcüstana gedən yükləri qəbul etməyi planlaşdırır və fəal əməkdaşlığı nəzərdən keçiririk.

- Azərbaycanın Xəzər və Avropa arasında strateji tranzit tərəfdaşı rolunu nəzərə alaraq, Ukrayna və Gürcüstanla birlikdə Orta Dəhlizin inkişafında əsas həlqəyə çevrilməsi nə dərəcə mümkündür?

- Bu suala qısa cavab verəcəyəm - Azərbaycan artıq əsas həlqədir. Qazaxıstan ərazisindən gələn bütün yük axını Azərbaycandan keçir. Hətta yük daha sonra Türkiyəyə və ya Gürcüstana getsə belə, marşrut yenə də Azərbaycandan keçir. Bəlkə də Azərbaycan digər platformalarla əməkdaşlığı genişləndirməli və daha uzun yükdaşıma zəncirini səmərəli idarə etmək üçün Orta Dəhliz boyunca öz platformalarını yaratmalıdır.

- "Batumi International Container Terminal"la (BICT) memorandumun imzalanmasının hansı strateji məqsədləri var? Yeni bərə marşrutunun Belqorod-Dnestrovski limanı və ümumiyyətlə Ukrayna üçün tranzit imkanları, marşrutların şaxələndirilməsi və yük axınlarının cəlb edilməsi baxımından gözlənilən üstünlükləri nələrdir?

- Belə memorandumların imzalanması bizim üçün strateji əhəmiyyət kəsb edir. Biz həmçinin "APM Terminals Poti" şirkəti ilə də oxşar memorandum imzalamışıq. Məqsədimiz limanda Orta Dəhlizlə yüklərin Avropa istiqamətində daşınması ilə bağlı bütün problemli məsələləri həll edə biləcək müasir bərə kompleksi yaratmaqdır. Biz prosesin bütün iştirakçılarının ehtiyaclarını nəzərə almaq və yüklərin sürətli emalını və marşrutun son təyinat nöqtələrinə göndərilməsini təmin edəcək kompleks qurmaq istəyirik.

Batumi və Potidə artıq belə bərə əlaqələri qurulduğu üçün biz məhz onlarla əməkdaşlığa istiqamətlənirik. İmzalanmış memorandumlar məlumat mübadiləsini və birgə işi nəzərdə tutur. Burada məqsəd komplekslərimizin tandem şəkildə işləməsi və uyğunsuzluqların yaranmamasıdır. Bu, yüklərin aşırılmasını sürətləndirməyə və işin səmərəliliyini artırmağa imkan verəcək.

Bundan əlavə, bizim eyni enlikli (1 520 mm - red.) dəmir yolu xəttinə malik olmağımız böyük üstünlükdür. Məsələn, Konstansada (Rumıniyada liman) Avropa dəmiryol xətti standartı (1 435 mm), Varnada (Bolqarıstan) isə analoji ölçüdür, lakin orada artıq təkər cütlərinin dəyişdirilməsi üçün kompleks quraşdırılıb.

- Konteyner daşımaları, birgə logistika xidmətlərinin yaradılması, liman infrastrukturuna investisiyaların cəlb edilməsi və ya tranzitin sadələşdirilməsi üçün rəqəmsal həllərin tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılırmı?

- Əlbəttə. Belqorod-Dnestrovski özəl limandır. O, Ukraynada özəlləşdirmə ilə bağlı ilk pilot layihə çərçivəsində bu yaxınlarda dövlət mülkiyyətindən özəl mülkiyyətə keçib. Beş il davam edən hazırlıq prosesi uğurla başa çatıb. Bu gün limanın bir sahibi var və o, liman infrastrukturunun 90 %-nə nəzarət edir.

Bu model özəl şirkətlərlə sərbəst əməkdaşlıq etməyə və dövlətin təsirini minimuma endirməyə imkan verir ki, bu da biznesin səmərəliliyini artırır. Hazırda limanın ərazisi 65 hektardır, lakin biz onun genişləndirilməsi imkanını nəzərdən keçiririk. Ərazinin 250 hektara qədər genişləndirilməsi texniki cəhətdən mümkündür.

Biz ehtiyac yarandıqca inkişaf etməyi planlaşdırırıq. Bundan başqa, biz təkcə bərə kompleksi deyil, həm də bütün növ yüklərin emalı və digər Avropa ölkələrinə və geriyə göndərilməsi üçün Orta Dəhlizin böyük mərkəzini yaratmaq istəyirik. Planlara taxıl, konteyner və neft terminallarının tikintisi daxildir, həmçinin sənaye parkının yaradılması üçün potensial görürük. Buna görə biz Orta Dəhlizin inkişafına diqqət yetirməyi, eyni zamanda digər istiqamətlərdə də irəliləməyi planlaşdırırıq.

- Sənaye parkının bir-birinə yaxın (qonşu) ərazilərdə yaradılması planlaşdırılır?

- Bəli. Bizim belə imkanlarımız var, biz bunu görürük və həyata keçirməyi planlaşdırırıq.

- Logistika sahəsində qlobal dəyişikliklər şəraitində (Süveyş kanalı və Qara dənizlə bağlı yaranan problemlər daxil olmaqla), Belqorod-Dnestrovski limanı Orta Dəhliz vasitəsilə yeni marşrutlar çərçivəsində beynəlxalq yük göndərənlərə nə kimi rəqabət üstünlükləri təklif edə bilər?

- Əsas üstünlük limanın özəl olmasıdır, yəni biz dəyişikliklərə daha tez reaksiya verir və danışıqlarda daha çevik oluruq. Daha bir üstünlük isə ondan ibarətdir ki, bizim dəmir yolu xətlərimiz eyni enliyə malikdir, bu isə o deməkdir ki, dəmiryol nəqliyyatı ilə daşınan mallar bərə əlaqəsinin təşkili sayəsində daha tez çatdırıla bilər.

Biz həmçinin həm Azərbaycanın, həm də Orta Dəhlizin digər iştirakçılarının tələblərini nəzərə alaraq yeni platformalar yaratmağa hazırıq. Biz müəssisəmizin inkişaf siyasətini "Sizin şərtlər – bizim xidmətlər" şüarına uyğun qurmağa çalışırıq.

- Tariflərin razılaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və tranzitin sürətləndirilməsi üçün Ukrayna, Gürcüstan və Azərbaycan limanları arasında vahid koordinasiya mexanizminin yaradılması potensialı varmı?

- Burada həm potensial, həm də ehtiyac olduqca böyükdür. Əminəm ki, biznes artıq belə dəyişikliklərə hazırdır. Lakin belə vahid koordinasiya platformasının yaradılması üçün biznesdən əlavə, dövlət orqanları - sərhəd, gömrük və digər xidmətlər da cəlb olunmalıdır. Onların iştirakı olmadan biz bunu kompleks şəkildə həyata keçirə bilmərik. Yalnız biznes və dövlətin birgə işi darboğazları aradan qaldırmağa və tranziti sürətləndirməyə imkan verəcək.

Bəlkə də ayrı-ayrılıqda işləmək əvəzinə, həm dövlət orqanlarını, həm də biznesi birləşdirən vahid işçi qrupu lazımdır. Yalnız biznes Orta Dəhlizdə yerdəyişmə problemlərini və çətinlikləri aydın şəkildə ifadə edə bilər. Dövlət orqanları bunları eşitməli, qəbul etməli və həllinə fəal şəkildə kömək etməlidir.

- Belqorod-Dnestrovski limanı beynəlxalq logistikada öz rolunu gücləndirmək üçün hansı addımları atır - infrastrukturun modernləşdirilməsi, proseslərin rəqəmsallaşdırılması, donanmanın genişləndirilməsi və ya strateji tərəfdaşların cəlb edilməsi?

- Biz inkişaf konsepsiyasını hazırlamışıq və hazırda hansı terminalların lazım olduğunu müəyyən etmişik. Həmçinin Orta Dəhlizin Avropa hissəsi üçün platforma yaratmağı planlaşdırırıq - bu, marşrutun həm Asiya, həm də Avropa hissəsində darboğazların aradan qaldırılmasına yönəlmiş əlavə infrastruktur olacaq.

Xüsusilə, hazırda Moldovada Belqorod-Dnestrovski ilə Rumıniyanı birləşdirən dəmir yolu yenidən qurulur. Uzunluğu 320 kilometr olan bu hissə yüklərin Avropaya çatdırılmasını sürətləndirəcək.

Bundan başqa, biz artıq konkret addımlar atırıq: memorandumlar imzalayır, danışıqlar aparır və lazımi şərtlər - hansı növ yüklərin daşınmalı, hansı obyektlərin yaradılmalı, hansı texnikanın alınmalı və hər növ yükə səmərəli xidmət göstərmək üçün hansı terminalların tikilməli olması haqqında məlumat toplayırıq.

Son xəbərlər

Bütün Xəbər Lenti