Bakı metrosunda B-04 stansiyasının tikintisi 2026-cı ilin sonuna qədər yekunlaşacaq
- 25 sentyabr, 2025
- 11:18

"Bakı Metropoliteni" QSC-nin B-04 stansiyasının tikintisi 2026-cı ilin sonuna qədər yekunlaşacaq.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin ikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
O, qeyd edib ki, B-04 stansiyası "Bənövşəyi xətt"in beşinci, metronun isə 28-ci stansiyası olacaq.
Metro rəsmisinin sözlərinə görə, "8 Noyabr" və B-04 stansiyalarının arasında ümumi uzunluğu 1 690 metr olan mənzil tunelləri tam inşa edilib, dəmir yolu xətti tam çəkilib.
"Layihə üzrə yeni stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq quraşdırılıb. B-04 stansiyasının Cəlil Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metrdir. Burada "Bənövşəyi xətt"in davamı olaraq 7 vaqonlu qatar hərəkətə buraxılacaq", - deyə o, əlavə edib.