Marta Kos: Aİ Orta Dəhlizin inkişafı üçün dördtərəfli qrupun yaradılmasını təklif edir

İnfrastruktur
  • 02 dekabr, 2025
  • 16:47
Marta Kos: Aİ Orta Dəhlizin inkişafı üçün dördtərəfli qrupun yaradılmasını təklif edir

Avropa Ittifaqı (Aİ) Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət xüsusi dördtərəfli xüsusi qrupun yaradılmasını müzakirə edir.

Bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin Orta Dəhlizin inkişafı üçün nə etməyə hazır olması ilə bağlı "Report"un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, "Tramp marşrutu" (TRIPP dəhlizi) nəqliyyat bağlantısının tərkib hissələrindən biridir, lakin onu Qərb və Şərqlə birləşdirmək lazımdır.

"Biz bu prosesə oktyabr ayında Lüksemburqda nazirlərin görüşündə başladıq, sonra müzakirəni Daşkənd forumunda davam etdirdik. Ümid edirəm ki, tezliklə daha konkret qərarlara gələcəyik", - M.Kos qeyd edib.

O vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat əlaqəsi sahəsində çox iş görə bilər və bütün bunlar Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması sayəsində mümkün olub.

"Mən Daşkənddə keçirilən investisiya forumundan yeni qayıtmışam. Forumda bu məsələləri müzakirə etdik. Mən hökumətləri, beynəlxalq maliyyə qurumlarını və özəl sektoru bir araya gətirəcək xüsusi platformanın yaradılması təşəbbüsünü irəli sürdüm", - M.Kos bildirib. O əlavə edib ki, təkcə büdcə resursları kifayət deyil - özəl investisiyalar cəlb edilməlidir.

Onun sözlərinə görə, söhbət əsasən Transxəzər nəqliyyat marşrutunun cənub istiqamətinin şaxələndirilməsindən gedir. "Avropa şirkətlərinin nümayəndələrindən biri mənə dedi: infrastrukturu qurun, biz isə bizneslə məşğul olaq. Biz işləməyi və pul qazanmağı bacarırıq, lakin bizə infrastruktur lazımdır. Biz indi məhz bunu yaratmağı təklif edirik", - komissar vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti