Mariam Kvrivişvili: "Orta Dəhliz ölkələr arasında sıx əməkdaşlıq üçün platformadır"
- 22 oktyabr, 2025
- 16:25

Orta Dəhliz təkcə texniki marşrut deyil, həm də ölkələr arasında sıx əməkdaşlıq üçün platforma rolunu oynayır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
Nazir bildirib ki, qiymət siyasətinin əhəmiyyəti olduqca böyükdür: "Orta Dəhliz artıq təkcə texniki bir marşrut kimi deyil, bir çox ölkə üçün mühüm dəyər daşıyan, eyni zamanda dövlətlər arasında sıx əməkdaşlıq üçün platforma rolunu oynayan bir layihəyə çevrilib. Bu, ölkələr arasında birbaşa dialoqların aparılması üçün də mühüm imkan yaradır".
M. Kvrivişvili həmçinin vurğulayıb ki, Orta Dəhliz həm də bir nümunədir: "Dəyişiklikləri yalnız bir ölkədə deyil, birgə vahid məqsəd ətrafında fəaliyyət göstərən ölkələrin səyləri ilə həyata keçirmək mümkündür. Biz artıq inkişaf etdikcə yaranan məsələləri birlikdə həll etmişik və böyüməyə də bir yerdə davam edirik. Hər bir ölkə rahatlıqla bir-birinə zəng edib, ortaya çıxan problemləri müzakirə edə bilir və bu, bütün iştirakçı ölkələri daha da gücləndirir. Orta Dəhlizin gözəlliyi ondan ibarətdir ki, burada hər kəs bir-biri üçün çalışır. Yeni təşəbbüslər və ya çətinliklər ortaya çıxdıqda, biz onları birlikdə aradan qaldırırıq. Bu, həm dəhlizin özünü, həm də iştirakçı bütün ölkələri daha güclü edir."
O əlavə edib ki, Orta Dəhlizdə rəqabət qabiliyyətinin davamlı saxlanması əsas məsələlərdən biridir: "Marşrut artıq olduqca rəqabətqabiliyyətli olub, amma əsas məsələ bu rəqabət qabiliyyətini davamlı saxlamaqdır. Tələblər və dünya dəyişir, son istifadəçilərin sayı sürətlə artır, onların ehtiyacları isə rəqəmsallaşma ilə daha mürəkkəb olur. Biz infrastruktur, fasiləsiz əməliyyatlar, tarif siyasəti və xidmətlərin sərhəd, gömrük, vergi və tariflər baxımından sinxronlaşdırılmasının vacibliyini müzakirə etdik. Bütün bunlar bir çətir altında birləşdirilir və bir çox ölkəni eyni məqsəd ətrafında birləşdirir".