Maldiv iqlim riskləri səbəbindən strateji köçürmə siyasətinə keçir

İnfrastruktur
  • 17 oktyabr, 2025
  • 12:57
Maldiv iqlim riskləri səbəbindən strateji köçürmə siyasətinə keçir

Dəniz səviyyəsinin qalxması, sahil xəttinin eroziyası, yeraltı suların şoranlaşması və proqnozlaşdırılmayan hava şəraiti bir çox ada dövlətlərinin mövcudluğunu təhlükə altına alır.

"Report" xəbər verir ki, bunu Maldivin tikinti və infrastruktur naziri Abdulla Muttalib (Abdulla Muththalib) III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, 187 məskunlaşmış adanı əhatə edən ölkə üçün hər bir adanı sahil mühafizəsi və zəruri infrastrukturla təmin etməyin iqtisadi və logistika xərcləri çox böyükdür və uzunmüddətli perspektivdə davamlı deyil:

"İqlim təsirlərinin güclənməsi ilə bəzi adalarda məktəb, tibb mərkəzləri, limanlar və s. dövlət resurslarına, infrastruktura və iqtisadiyyata getdikcə daha çox yük yaradır. Bu reallıqlar isə reaktiv müdafiədən strateji adaptasiyaya və səylərin konsolidasiyasına keçid tələb edir. Bu halda isə resurslar icmaların təhlükəsiz yaşaya və davamlı inkişaf edə biləcəyi yerlərdə cəmləşdirilməlidir".

A.Muttallib qeyd edib ki, Maldiv könüllü və strateji köçürmə siyasətinə keçir. Onun sözlərinə görə, şəhər klasterlərinin inkişafı davamlılığa gedən yol kimi nəzərdən keçirilir.

"Bizim məqsədimiz xidmətlərə və imkanlara bərabər çıxışı təmin edən enerji baxımından səmərəli, iqtisadi cəhətdən həyat qabiliyyətli və iqlimə davamlı şəhər mərkəzləri yaratmaqdır. Bu yanaşma milli inkişaf planında təsbit olunub və ölkənin davamlı inkişaf üzrə uzunmüddətli strategiyaları ilə uyğunlaşır. Bizim üçün adaptasiya təkcə müdafiə deyil, həm də gələcəyin həyat qabiliyyətli və çiçəklənən icmalarının formalaşdırılmasıdır", - nazir bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Maldiv əhalinin daha təhlükəsiz və davamlı şəkildə köçə biləcəyi şəhər mərkəzləri və şəhərləri inkişaf etdirməyə çalışır.

Son xəbərlər

Bütün Xəbər Lenti