Lord: "Böyük Britaniya Orta Dəhlizin iqtisadiyyatın şah damarına çevrilməsində kömək edə bilər" - MÜSAHİBƏ

İnfrastruktur
  • 29 oktyabr, 2025
  • 15:32
Lord: Böyük Britaniya Orta Dəhlizin iqtisadiyyatın şah damarına çevrilməsində kömək edə bilər - MÜSAHİBƏ

Böyük Britaniya və Azərbaycan energetika, innovasiya, logistika və davamlı inkişafı əhatə edən strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur. Hər iki ölkə qlobal çağırışlar – dekarbonizasiya, rəqəmsallaşma, ticarət marşrutlarının yenidən qurulması fonunda əməkdaşlıqda iqtisadi potensialla yanaşı, həm də regional əlaqələrin gələcəyini birgə formalaşdırmaq imkanını görür.

Orta Dəhlizin inkişafı, "yaşıl keçid"in dəstəklənməsi, qabaqcıl texnologiyaların tətbiqi və Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olan məsələlərdir.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays Bakıya səfəri ərəfəsində "Report"a verdiyi eksklüziv müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı prioritetləri, təmiz enerji, nəqliyyat və innovasiyalar sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

-Dekarbonizasiya və rəqəmsallaşma kimi müasir çağırışları nəzərə alaraq, Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın hansı istiqamətlərini növbəti 5-10 il ərzində strateji cəhətdən vacib hesab edirsiniz?

-Bu ilin əvvəlində Böyük Britaniya və Azərbaycan öz münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaqla bağlı razılığa gəlib ki, bu da əsas prioritetlər üzrə daha sıx əməkdaşlığa doğru mühüm addım olub.

Böyük Britaniyanın yeni sənaye strategiyası ölkənin dünya lideri olduğu təmiz enerji və qabaqcıl istehsaldan rəqəmsal texnologiyalar və həyat elmlərinə qədər səkkiz sektoru müəyyən edir. Bu istiqamətlər qarşıdakı onillikdə Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl yaradır.

Yaxın illərdə Böyük Britaniya səylərini üç əsas sahəyə yönəldəcək.

Birinci istiqamət bərpa olunan və aşağı karbonlu texnologiyaların inkişafı da daxil olmaqla təmiz enerjiyə keçidin dəstəklənməsidir. Böyük Britaniya dünyanın ən böyük "Dogger Bank" dəniz külək elektrik stansiyası layihəsini həyata keçirir. Ölkə şəbəkələrarası birləşmələr və enerji sistemlərinin inteqrasiyasında böyük təcrübəyə malikdir. Bu təcrübə Azərbaycan üçün təmiz enerji və dekarbonizasiya strategiyasının həyata keçirilməsində istiqamətləndirici rol oynaya bilər.

İkinci istiqamət Azərbaycanın strateji mövqeyə malik olduğu Orta Dəhlizin inkişafı və Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin möhkəmləndirilməsidir. Ada ticarət dövləti olan Böyük Britaniya etibarlı transsərhəd marşrutlara xüsusi əhəmiyyət verir. Onun logistika, infrastrukturun maliyyələşdirilməsi və tənzimləyici islahatlar sahəsindəki təcrübəsi Orta Dəhlizin tranzit marşrutdan iqtisadiyyatın şah damarına çevrilməsinə kömək edə bilər - bu isə öz növbəsində, regional artıma təkan verəcək.

Üçüncü istiqamət xüsusilə maliyyə, texnologiya və səhiyyə sahələrində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dəstəklənməsidir. Böyük Britaniyanın innovasiyalar, təhsil və maliyyə bazarlarının inkişafı sahəsində lider mövqeyi biznes mühitini gücləndirməyə, kapitala çıxışı yaxşılaşdırmağa və davamlı, inklüziv iqtisadi inkişafı təmin etməyə kömək edə bilər.

- Bu yaxınlarda Azərbaycana rəsmi səfəriniz planlaşdırılırmı? Planlaşdırılırsa, onun tarixi, formatı və nümayəndə heyətinin tərkibi barədə məlumat verə bilərsinizmi?

- Mən Böyük Britaniyanın ticarət elçisi kimi bu ilin sonunadək Azərbaycana səfər etməyi planlaşdırıram. Bu, ölkənizə ilk səfərim olacaq. Səfərdə əsas məqsəd Azərbaycanı, onun xalqını, mədəniyyətini və iqtisadi potensialını daha dərindən anlamaqdır.

Mən artıq Azərbaycan hökuməti və biznes nümayəndələri ilə bir sıra görüşlər keçirmişəm, inkişaf dinamikası və xalqın zəhmətkeşliyi məndə dərin təəssürat oyadıb. Səfər zamanı təmiz enerji, regional bağlantı və iqtisadiyyatın şaxələndirilməsi sahələrində irəliləyişlərlə şəxsən tanış olmaq, həmçinin Böyük Britaniyanın Azərbaycanın milli prioritetlərini daha səmərəli şəkildə dəstəkləməsinin mümkün yollarını araşdırmaq niyyətindəyəm.

Bir həkim kimi mən də Böyük Britaniya ilə Azərbaycan arasında illik İqtisadi Dialoq çərçivəsində Londonda Azərbaycanın səhiyyə qurumları ilə başladılan dialoqu davam etdirməyi planlaşdırıram.

- Son zamanlarda Britaniya İxrac Kredit Agentliyi (UKEF) Azərbaycanın aviasiya sektorunda ilk sövdələşməsini tamamlayıb. Bu layihə haqqında daha ətraflı danışa bilərsinizmi – sövdələşmə hansı strukturlarla bağlanıb, nələri əhatə edir və hansı perspektivləri var?

- Bəli, UKEF Azərbaycanda ilk sövdələşməni tamamlayıb, Milli Aviasiya Akademiyası üçün Britaniyanın "L3Harris Commercial Aviation Solutions" şirkətinin istehsalı olan "Boeing 777" uçuş simulyatorunun alınmasını dəstəkləyib. "Silk Way" şirkətlər qrupu ilə bağlanmış bu sövdələşmə Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin güclənməsini əks etdirir və hökumətlərimiz arasında mövcud olan sıx əməkdaşlığın nəticəsidir.

Sövdələşmə Böyük Britaniyanın qabaqcıl texnologiya və innovasiyaların inkişafına yönəlmiş yeni sənaye strategiyasına tam uyğundur. Sevindirici haldır ki, bu əməkdaşlıq aviasiya və infrastruktur layihələri ilə bağlı gələcək müzakirələrə yol açıb. "Silk Way" artıq UKEF ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib və mən agentliyin Azərbaycanda nəqliyyat, infrastruktur və rəqəmsal təşəbbüslərdə iştirakı üçün böyük potensial görürəm.

- Britaniya biznesi Azərbaycanın bərpa olunan enerji sektoruna nə dərəcədə fəal maraq göstərir? Artıq həyata keçirilmiş və ya razılaşdırılmış layihələr varmı? Hansı istiqamətlər daha çox maraq doğurur - günəş, külək, hidrogen enerjisi yoxsa digərləri?

- BP şirkəti artıq Azərbaycanda bərpa olunan enerji və dekarbonizasiya sahəsində ilk layihəsini - "Şəfəq" günəş elektrik stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini işə salıb. Bu, Böyük Britaniya və Azərbaycan arasında çoxillik enerji tərəfdaşlığının təmiz və davamlı enerjiyə doğru necə inkişaf etdiyini göstərən vacib addımdır.

Ümid edirəm ki, bu layihənin uğuru Britaniyanın digər şirkətləri üçün nümunə olacaq və onlar "yaşıl enerji" dəhlizlərinin inkişafı, dənizdə külək və hidrogen enerjisi, şəbəkələrin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması kimi sahələrdə əməkdaşlıq imkanlarını öyrənə biləcəklər.

Azərbaycan külək, günəş və su enerjisi sahəsində böyük potensiala malikdir və Böyük Britaniya bu potensialın üzə çıxarılmasında əsas tərəfdaş ola bilər. Ölkəmiz irimiqyaslı bərpa olunan enerji layihələrində dərin biliklərə malik aparıcı mühəndislik, layihə və konsaltinq şirkətlərinin vətənidir. Britaniya şirkətləri konseptual layihələndirmə, texniki-iqtisadi əsaslandırma və enerji sistemlərinin inteqrasiyası sahəsində güclüdür – bunlar enerji keçidi prosesinə investisiyaların artırılması üçün Azərbaycana lazım olan sahələrdir.

- Azərbaycanın Avropa ilə Asiya arasında tranzit qovşağı kimi rolunu necə qiymətləndirirsiniz? Trans-Avrasiya nəqliyyat və enerji layihələrində, xüsusilə Orta Dəhliz boyunca həyata keçirilən layihələrdə iştirak sayəsində Britaniya şirkətləri üçün hansı imkanlar açılır?

- Avropa ilə Asiya arasında əlaqələndirici həlqə olan Azərbaycan strateji mövqe tutur. O, Orta Dəhliz çərçivəsində gələcək regional bağlantı, ticarət və enerji təhlükəsizliyinin formalaşmasında aparıcı rol oynayacaq.

Ölkə artıq bir neçə dövləti birləşdirən genişmiqyaslı çoxtərəfli infrastruktur layihələrinin həyata keçirilməsində zəngin təcrübəyə malikdir. Bu, Azərbaycana Orta Dəhlizin müasir inteqrasiya olunmuş nəqliyyat-enerji şəbəkəsinə çevrilməsi üçün zəruri olan dayanıqlığı, koordinasiyanı və strateji baxışı təmin etməyə qadir unikal tərəfdaş mövqeyi qazandırır.

Böyük Britaniya isə öz növbəsində bu prosesin növbəti mərhələsinin inkişafına - gömrük prosedurlarının sadələşdirilməsi, yük axınlarının idarə edilməsinin təkmilləşdirilməsi, müasir logistika standartlarının tətbiqi və ticarətin rəqəmsallaşdırılmasına töhfə verə bilər.

Britaniya şirkətləri aeroportların və limanların baş planının hazırlanması, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, "ağıllı nəqliyyat sistemləri"nin tətbiqi və ticarət sahəsində rəqəmsal həllərin inkişafı kimi sahələrdə dünya təcrübəsinə malikdir. Bütün bunlar fasiləsiz multimodal dəhlizlərin yaradılması üçün əsas elementlərdir. Belə dəhlizlər investorlar üçün cəlbedicidir.

Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlığın növbəti mərhələsində bu istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirildiyini və fəal bilik mübadiləsinin aparıldığını görmək istərdim. Çünki ölkələrimiz arasında müasir iqtisadi tərəfdaşlığın təməlini məhz belə layihələr formalaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti