Litva səfiri: "Klaypeda və Bakı limanları Avropa və Cənubi Qafqaz arasında vacib həlqə ola bilər"

İnfrastruktur
  • 03 oktyabr, 2025
  • 14:48
Litva səfiri: Klaypeda və Bakı limanları Avropa və Cənubi Qafqaz arasında vacib həlqə ola bilər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və yaxud Orta Dəhliz) çərçivəsində Klaypeda və Bakı limanları arasında əməkdaşlıq daha geniş və daha perspektivli bazarlara çıxış üçün strateji platforma rolunu oynaya bilər.

Bunu "Report"a müsahibəsində Litvanın Bakıdakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) bildirib.

Onun sözlərinə görə, hər iki liman çox əlverişli mövqeyə malikdir: "Bakı Cənubi Qafqazda əsas limandır. Onun Mərkəzi Asiyaya və hətta onun sərhədlərindən kənara çıxmaq imkanı var. Klaypeda limanı isə öz növbəsində Skandinaviya və Almaniya bazarlarına giriş nöqtəsi kimi yaxşı mövqe tutur. Hər iki liman praktiki olaraq dəmir yolu ilə əlaqələndirilə bilər ki, bu da yüklərin Klaypedaya çatdırılmasına, oradan dəniz nəqliyyatı ilə Skandinaviyaya, Böyük Britaniyaya, Almaniyaya və digər ölkələrə göndərilməsinə imkan verir. Bunda böyük potensial görürəm və işgüzar dairələr də bu marşrutlardan istifadəyə fəal maraq göstərirlər. Məsələn, Klaypeda limanı artıq Norveç və İsveçdən Azərbaycana mal çatdırır və bu istiqamətdə imkanları dərinləşdirmək istəyi mövcuddur".

Səfir əlavə edib ki, Klaypeda limanının baş direktoru Algis Latakasın artıq Bakıda olub: "Bu səfər Litvanın Orta Dəhlizin inkişafına marağını göstərir. Biz bu layihəni siyasi baxımdan da dəstəkləyirik. Çünki orta Dəhliz təcavüzkar dövlətlərdən, iqtisadiyyatı siyasi alət kimi istifadə edən qeyri-sabit ölkələrdən yan keçməyə imkan verən alternativ marşrutdur. Belə alternativ marşrutlara malik olmaq imkanı Litva üçün vacibdir. Bundan əlavə, Orta Dəhliz biznes baxımından dəyərlidir: logistika səmərəliliyini artırır, çatdırılma vaxtına qənaət edir, xərcləri azaldır. Əminəm ki, marşrutun inkişaf perspektivləri var. Litva şirkətləri və limanları ona fəal maraq göstərir", - K.Vaskelyaviçyus qeyd edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti