İİTKM: Böyük Qayıdış çərçivəsində indikativ planlaşdırma tədbirlərinə başlanılıb
- 14 oktyabr, 2025
- 10:15

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlərə başlayıb.
"Report" Mərkəzə istinadən xəbər verir ki, proses çərçivəsində oktyabr-noyabr ayları ərzində dövlət proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 41 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə Dövlət Proqramına dair 2026-cı il üzrə nəticə indikatorları müəyyənləşdirilir, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı müzakirələr aparılır, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkilinə dair mühüm məqamlar nəzərdən keçirilir.
İİTKM-in monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilk gün "Azərbaycan Dəmir Yolları" QSC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Gənclər Fondu və Minatəmizləmə Agentliyinin əməkdaşları ilə müvafiq görüşlər keçiriblər. Görüşlərdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi prosesində yaranan çətinliklər və onların həlli yolları müzakirə edilib, gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması üçün müvafiq tövsiyələr verilib.