III MDB Oyunları ilə əlaqədar Mingəçevirin su təchizatına baxış keçirilib
- 26 sentyabr, 2025
- 13:09

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının təşkili və keçirilməsi məqsədilə Mingəçevir şəhərinin su təchizatına baxış keçirilib.
Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətdə yaradılan komissiyanın üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud durumu təhlil olunub.
Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini, komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı, MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.
Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.
Komissiya üzvləri "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə tullantı sularının idarəolunması sistemi də araşdırılıb.

