ICAO-nun Baş katibi: "Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsi vacibdir"

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 11:42
ICAO-nun Baş katibi: Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsi vacibdir

Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsi vacibdir.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrənin Bern şəhərində ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə birgə keçirilən görüşündə bildirib.

Baş katib Azərbaycanın bölgədə ICAO-nun fəal üzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib. O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icra etdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini deyib.

Baş katib həmçinin bunun üçün Mülki Aviasiya Baş Planının hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. O, bu cür planların artıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəli istifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildə planlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxış etdiyini vurğulayıb.

E.Məmmədov bu sistemli yanaşmanın Azərbaycan aviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesi ICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə bir planı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdə çalışacaq.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinə ICAO-nun 2026-2050-ci illər üçün Strateji Planı və transformasiya hədəfləri barədə məlumat verilib. ICAO-nun artıq bu hədəfləri həyata keçirməyə başladığı, əsas inkişaf istiqamətlərini müəyyənləşdirdiyi və üzv dövlətlərin gözləntilərini qarşılamaq üçün konkret addımlar atdığı qeyd olunub. Bununla yanaşı, ICAO-nun rolunun əvvəl yalnız beynəlxalq aviasiya standartlarını müəyyən edən hökumətlərarası təşkilat olmaqla məhdudlaşdığı, hazırda isə bu əsas funksiyalarını qorumaqla yanaşı, üzv dövlətlərin ehtiyaclarının düzgün qiymətləndirilməsi və ödənilməsi üçün fəal dəstək göstərən bir təşkilata çevrildiyi vurğulanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəsmi dəvətini ICAO Baş katibinin nəzərinə çatdırıb. Vurğulanıb ki, belə bir səfər ICAO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlığın davam etdirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən aviasiya layihələrinin bu ixtisaslaşmış beynəlxalq təşkilatın diqqətinə çatdırılması üçün imkan yaradacaq.