Horadiz-Ağbənd dəmir yolunun inşası üzrə işlər davam etdirilir - FOTOREPORTAJ
- 05 sentyabr, 2025
- 18:46

Zəngəzur dəhlizinin ("Tramp marşrutu") bir hissəsi olan Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər davam etdirilir.
"Report"un Zəngilan rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, ümumi uzunluğu 110,4 kilometr (yan yollarla birlikdə 140,6 km) olan dəmir yolu xəttinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin 67 %-i yekunlaşdırılıb.
Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub.
Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.
Azərbaycanın ən uzun dəmir yolu tunelinin (1 071 metr) inşası da elə məhz bu layihə çərçivəsində uğurla icra edilməkdədir.
"Report" Horadiz-Ağbənd dəmir yolu ilə bağlı görülən işlərə dair fotoreportaj təqdim edir: