Horadiz-Ağbənd dəmir yolu ilə "Araz Vadisi İqtisadi Zonası"na yüklərin daşınmasına başlanıb

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 17:28
Horadiz-Ağbənd dəmir yolu ilə Araz Vadisi İqtisadi Zonasına yüklərin daşınmasına başlanıb

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yüklərin daşınmasına start verilib.

"Report"un Zəngilan rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.

Onun sözlərinə görə, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilometrdir (yan yollarla birlikdə 140,6 kilometr): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb". 

C. Əlövsətov vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.

Hazırda 23-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir". 

O əlavə edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib:

"3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67 % təşkil edir".