Əli Əsədov: "Azərbaycan və Türkiyə arasında tranzit daşımaları artıb"

İnfrastruktur
  • 22 dekabr, 2025
  • 15:43
Əli Əsədov: Azərbaycan və Türkiyə arasında tranzit daşımaları artıb

Ötən ilin nəticələrinə görə Azərbaycan və Türkiyə arasında tranzit daşımalarının həcmi 4 milyon ton təşkil edib.

"Report"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, cari ilin 11 ayında tranzit daşımalarının həcmi 3,5 milyon tondan çox olub.

"Avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib", - Ə.Əsədov deyib.

Baş nazir bildirib ki, cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi tərəfləri qane etmir (275 min ton):

"Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Orta Dəhlizin mühüm halqası olan BTQ-nın daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir".

Son xəbərlər

Bütün Xəbər Lenti