Elnur Əliyev: "Su ehtiyatlarımız Gürcüstan və Ermənistandan dəfələrlə azdır"
- 30 sentyabr, 2025
- 16:09

Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Elnur Əliyev təmsil etdiyi qurumun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə keçirdiyi tədbirdə bildirib.
"Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir. Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın göstəricisindən 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15%-nə, Gürcüstan 62 %-nə, Ermənistan isə 23 %-nə sahibdir", - deyə o qeyd edib.
KOBİA rəsmisi həmçinin əlavə edib ki, Azərbaycan kənd təsərrüfatına yararlı torpaq sahəsində üstünlüyünü qoruyur: "Ölkəmizdə bu göstərici 4,6 milyon hektar, Gürcüstanda 3 milyon hektar, Ermənistanda isə 1,1 milyon hektardır. Son nəticədə Gürcüstan və Ermənistanın birlikdə kənd təsərrüfatına yararlı torpaqları (4,1 milyon hektar) Azərbaycanın göstəricisindən azdır".