Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlanılıb
- 17 oktyabr, 2025
- 13:14

Bakı Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlayıb.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində təşkilati və loqistik məsələlər üzərində işlərə start verilib.
A.Quliyev qeyd edib ki, artıq forumun loqosu hazırlanıb, rəsmi sayt istifadəyə verilib və qeydiyyat prosesinə başlanılıb: "Hazırda loqistik və təşkilati məsələlərin həlli davam edir. Forumun məzmun hissəsinə daha böyük yer ayrılacaq, ənənəvi Nazirlər İclası isə bu dəfə daha geniş formatda keçiriləcək".
O əlavə edib ki, forum ilk dəfə olaraq 5-6 gün ərzində baş tutacaq və yüksək səviyyəli müzakirələrə ev sahibliyi edəcək.