Çjetszyan əyaləti Azərbaycanla müntəzəm əlaqə mexanizmi yaratmağa hazırdır

İnfrastruktur
  • 09 sentyabr, 2025
  • 12:15
Çjetszyan əyaləti Azərbaycanla müntəzəm əlaqə mexanizmi yaratmağa hazırdır

Çinin Çjetszyan əyaləti Azərbaycanın dövlət qurumları, müəssisələri və ticarət palataları ilə müntəzəm əlaqə mexanizmi yaratmağa hazırdır.

"Report" xəbər verir ki, bunu Çjetszyan qubernatorunun müavini Ke Ketszin Avropa Dəmiryol Ekspresi marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 237-ci Yivu–Bakı qatarının qarşılanma mərasimində bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq müntəzəm qatarların istismarı, sənaye və logistika parklarının yaradılması, eləcə də standartların qarşılıqlı tanınması istiqamətlərini əhatə edəcək.

"Azərbaycan qədim İpək Yolunun əsas mərkəzlərindən biri olaraq "Bir kəmər, bir yol" təşəbbüsündə fəal iştirak edir. Azərbaycan Avrasiyanı birləşdirən yol kəsişməsi kimi yerləşmə üstünlüklərini getdikcə daha aydın nümayiş etdirir. Çin-Avropa Dəmir Yolu Ekspresi isə bu təşəbbüsün birgə inşasında mühüm nailiyyətdir", - K. Ketszin vurğulayıb.

O qeyd edib ki, Çjetszyan son 10 ildə Avropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşrut açıb, ümumilikdə 14 mindən çox qatar hərəkət edib. Hazırda bu əyalətdən mallar Avrasiyanın 50-dən çox ölkəsinə və 160 şəhərinə tədarük olunur. "Biz 26 əsas kateqoriyada 50 mindən çox məhsul ixrac edirik", - K. Ketszin bildirib.

Çjetszyan rəsmisi vurğulayıb ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağına çevrilib və Çin-Avropa yük qatarlarının səmərəliliyinin artırılması, yüklərin alınması və bazarların inkişafında mühüm rol oynayır: "Azərbaycan Avropa bazarına çıxışımız üçün əvəzsiz körpüdür."

O əlavə edib ki, tərəflər nəqliyyat-logistika ilə yanaşı rəqəmsal iqtisadiyyat, "yaşıl enerji", turizm və mədəniyyət sahələrində də əməkdaşlığı genişləndirəcəklər.