"Chapman Taylor": Azərbaycanın azad olunmuş ərazilərinin bərpası miqyası və sürəti ilə heyrətləndirir
- 15 oktyabr, 2025
- 15:02

Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işlərinin sürəti heyrət doğurur.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin Direktorlar Şurasının direktoru Marselina Zelinska III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, o, artıq dörd ildir ki, bu regionlara səfər edir və hər dəfə mühüm irəliləyişin şahidi olur:
"Biz müxtəlif şəhərləri ziyarət etmək üçün yenidən qayıdırıq və hər dəfə ümumi təəssüratımız dəyişməz qalır - inanılmaz enerji, proseslərin yüksək sürəti, təşkilatçılıq və mövcud resurslara hörmətlə yanaşma. İtkilərə baxmayaraq, bərpa işlərinə böyük diqqət və şəhərlərə onların keçmiş əzəmətini qaytarmaq istəyi hiss olunur. Ən böyük çətinlik bərpa miqyasının nəhəngliyidir. Hamı istəyir ki, yenidənqurma mümkün qədər tez başa çatsın, amma əsas məsələ bunu insanların məmnun qalacağı şəkildə həyata keçirməkdir".
M.Zelinska qeyd edib ki, bu proses həm diqqətli planlaşdırma, həm də əhəmiyyətli resurslar tələb edir:
"Azərbaycanın təxminən 10 milyon əhalisi var və bu kiçik, lakin güclü ölkə çox geniş əraziləri bərpa etməyə çalışır. Ən əsas çağırış, planlaşdırılan işləri həyata keçirə biləcək kifayət qədər mütəxəssis tapmaqdır. Lakin proses artıq gedir və bu, asan olmasa da, həqiqətən heyranedicidir", - britaniyalı ekspert vurğulayıb.