BMT: Abşerondakı imkanların genişliyi çox insanı cəlb edir
- 16 oktyabr, 2025
- 10:30

Abşeron yarımadasında təmin olunan imkanların genişliyi çox insanı bu əraziyə cəlb edir.
"Report" xəbər verir ki, BMT Məskunlaşma Proqramının regionlararası məsləhətçisi Katya Şafer (Katja Schaefer) Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O əlavə edib ki, şəhərətrafı ərazilərin təzyiq nöqtələrinə çevrildiyini də görürük: "Bakı ətrafında torpaq, su və tullantılar kimi məsələlər insanların sağlamlığına təsir edir. Bu problemləri şəhər və region arasında inteqrasiya yaradılması üçün zamanla həll etmək vacibdir. Şəhərlər bu baxımdan mühüm rol oynayır".
Onun sözlərinə görə, regional inkişaf müzakirələri çərçivəsində kənd yerlərinə təsir edə biləcək prioritet dəhlizlərin müəyyən edilməsi də önəmlidir: "İqtisadiyyatı damarlarda axan qan kimi görmək lazımdır".
BMT rəsmisi vurğulayıb ki, bəzi iqtisadi sahələrin məhsuldarlığı aşağıdır: "Məsələn, kənd təsərrüfatı. Amma bu çətinlikləri imkanlara çevirmək mümkündür. Dəyər zəncirlərinə diqqət yetirərək, kənd təsərrüfatında innovasiya və bağçılıq proseslərinin inkişaf etdirilməsi, məhsulların şəhərə çatdırılmasının son mərhələlərini də əhatə edən sistemin yaradılması məhsuldarlığı artırmaq üçün effektiv yol ola bilər. Zamanla ərazi balansının qorunmasına da diqqət yetirmək vacibdir, xüsusilə iqtisadi bölgələrdə xidmət boşluqları nəzərə alınmalıdır. Bunun üçün müxtəlif sektorlarla, məsələn, Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Dəmir Yolları" ilə əməkdaşlıq vacibdir. Şəhərətrafı ərazilərin ətrafındakı sərhəd zonaları keçid bölgələri kimi qorunmalıdır. Bu sahələrdə yaşıl və su sahələrinin, eləcə də infrastrukturun qorunması vacibdir".
Qeyd edək ki, Xankəndidə "İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" şüarı altında III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) start götürüb.
Bundan əlavə, forumda geniş spektrli çağırışlar müzakirə ediləcək. Buraya mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi daxildir.
NUFA3-də milli, regional və yerli hökumətlərin, təşkilatların, icmaların, akademik qurumların, özəl sektorun və digər aidiyyəti tərəfdaşların inteqrasiya olunmuş planlaşdırma, çoxtərəfli əməkdaşlıq və Paris Sazişi, Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrin lokallaşdırılması vasitəsilə iqlimədavamlı və sağlam şəhərlərin yaradılmasına töhfəsi müzakirə olunacaq.
Forumda 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı təmsil olunur. Forum həmçinin WUF13-ə (Ümumdünya Şəhər İnkişafı Forumu) aparan yolda mühüm hazırlıq mərhələsi kimi çıxış edəcək, davamlı şəhər və regional inkişafın təşviqinə sadiq olan milli və beynəlxalq tərəfdaşlar arasında dialoq və əməkdaşlığa töhfə verəcək, beynəlxalq ən yaxşı təcrübələri nümayiş etdirəcək və yerli fəaliyyətləri stimullaşdıracaq.
NUFA3 öz işini 2025-ci il oktyabrın 17-də Bakıda bir sıra müzakirələrin keçirilməsi ilə başa vuracaq.