Belqrad Universitetinin professoru: "Şəhər su idarəçiliyi əsas problemlərdən biridir"

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 12:19
Belqrad Universitetinin professoru: Şəhər su idarəçiliyi əsas problemlərdən biridir

Böyük şəhərlərdə, xüsusilə Bakı kimi inkişaf edən şəhərlərdə şəhər su idarəçiliyi əsas problemlərdən biridir.

"Report" xəbər verir ki, bunu Belqrad Universitetinin hidrologiya və hidrotexnika üzrə professoru Jovan Despotovic Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, bu sahə hidrologiya, hidravlika, su təmizləmə və digər standartlar və qaydalar çərçivəsində idarə olunmalıdır: "Sağlam şəhərlərdə yaşamaq, iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq, çoxlu tikinti, nəqliyyat və sıxlıq olan şəhərlərdə həyat keyfiyyətini qorumaq üçün inteqrasiya olunmuş şəhər su idarəçiliyi vacibdir".

Professor əlavə edib ki, şəhərlərdə su yalnız içməli su və suvarma üçün deyil, həm də sel, quraqlıq dövrləri və yaşıllıqların qorunması üçün idarə olunmalıdır: "Böyük şəhərlər, kiçik şəhərlər və kəndlər üçün hamı su resurslarının inteqrasiyalı idarəçiliyinə diqqət yetirməlidir. Bu, uşaqlar üçün oyun meydançalarının, parkların və yaşıl sahələrin qorunmasını təmin edir".