Baş katib: "IRU Orta Dəhlizi "nümunəvi dəhlizə" çevirmək niyyətindədir" - MÜSAHİBƏ

İnfrastruktur
  • 09 fevral, 2026
  • 14:52
Baş katib: IRU Orta Dəhlizi nümunəvi dəhlizə çevirmək niyyətindədir - MÜSAHİBƏ

Orta Dəhliz Avrasiyanın geosiyasət, logistika və iqlim gündəliyinin kəsişdiyi azsaylı marşrutlarından biridir. 2022-ci ildən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq kəskin şəkildə artdı, lakin yaranmış fürsətlərlə yanaşı, sistem məhdudiyyətləri də üzə çıxdı: qaydasız tənzimləmə, həddindən artıq yüklənmiş sərhədlər, rəqəmsal həllərin çatışmazlığı və daşıyıcılar üçün artan xərclər.

Avtomobil nəqliyyatı multimodal təchizat zəncirlərinin ən çevik və adaptiv elementi kimi bu konfiqurasiyada mühüm rol oynayır. Lakin onun Orta Dəhlizdəki potensialından hələ də tam istifadə olunmur. Məhz burada tranzitin sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, elektron sənədlərin tətbiqi və sərhədlərdə "dar boğazların" aradan qaldırılması kimi məsələlər ön plana çıxır.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto "Report"a müsahibəsində Orta Dəhlizin dayanıqlı və rəqabətqabiliyyətli marşruta çevrilməsi üçün atılmalı olan praktiki addımlar, beynəlxalq avtomobil daşımalarının rəqəmsallaşdırılması prosesinin gedişi və bu prosesdə IRU-nun rolu barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- IRU Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların stimullaşdırılması üçün nə kimi təşəbbüs və layihələr təklif etməyi planlaşdırır? Bu gün qeyd olunan istiqamətdə avtomobil daşımalarının artımını ləngidən maneələr hansılardır?

- 2022-ci ildən bəri bir çox logistika oyunçusu ənənəvi dəniz marşrutlarına alternativ kimi Orta Dəhlizə üz tutub. Lakin tranzitin həqiqətən fasiləsiz olması üçün prosesin bütün iştirakçıları səyləri birləşdirməlidir. İlk növbədə, söhbət hüquqi parçalanmanın aradan qaldırılmasından, multimodal dəhlizlərdə qarşılıqlı fəaliyyət olmadan səmərə nümayiş edirə bilməyən rəqəmsallaşmanın sürətləndirilməsindən, eləcə də təchizat zəncirlərinin dayanıqlılığının təmin edilməsindən gedir.

Xəzər dənizindəki vəziyyət xüsusi diqqət tələb edir. Onun dayazlaşması regionda nəqliyyat axınlarının sabitliyi baxımından ciddi narahatlıq doğuran sürətlə baş verir. Bundan başqa, Xəzər dənizi güclü fırtınalara çox həssasdır ki, bu da Orta Dəhlizin strukturunda mühüm rol oynayan "Ro-Ro" və "Ro-Pax" xətlərinin buraxılış qabiliyyətini və etibarlılığını məhdudlaşdırır.

Bizim strateji baxışımız Orta Dəhlizi bir növ "nümunəvi dəhlizə" çevirməkdən ibarətdir. Bunun üçün IRU üç əsas prinsipə əsaslanaraq marşrut boyunca yerləşən ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edir.

Birinci prinsip - sadələşdirmə. Dövlətlər izafi inzibati yükü aradan qaldırmaq üçün mövcud qayda və normativləri yenidən nəzərdən keçirməli və optimallaşdırmalıdır. İkinci prinsip - rəqəmsallaşma. Nəqliyyat sənədləri məlumat mübadiləsi həlləri ilə əvəz olunmalıdır ki, bu da prosesləri sürətləndirməyə, şəffaflığı artırmağa, sənədlərin sayını və bununla bağlı xərcləri azaltmağa imkan verəcək. Üçüncü prinsip - uyğunlaşdırma. Transsərhəd kommersiya avtomobil daşımalarına təsir göstərən tənzimləmə koordinasiya və əməkdaşlıq əsasında standartlaşdırılmalıdır. Bura BMT-nin mövcud nəqliyyat konvensiyalarının ratifikasiyası və tam tətbiqi daxildir.

Bununla yanaşı, həm əməliyyat, həm də institusional problemləri, ilk növbədə, peşəkar sürücülər üçün viza prosedurları və sərhədkeçmənin səmərəsiz təşkili ilə bağlı məsələlər həll edilməlidir. Vizanın verilməsi prosesi çox vaxt yavaş gedən, bürokratik və qeyri-şəffaf proses olaraq qalır, bəzi hallarda isə ayrı-seçkilik xarakteri daşıyır. Biz qadın sürücüyə vizanın verilməsindən imtina edilməsi halları ilə rastlaşmışıq, sadəcə ona görə ki, hakimiyyət orqanları qadının yük maşını sürə biləcəyinə inanmırdı. Mümkün həll yollarına çoxdəfəlik vizaların verilməsi, tələb olunan sənədlərin azaldılması və standartlaşdırılması, elektron vizaların tətbiqi, həmçinin Beynəlxalq Əmək Təşkilatı kimi təsisatlar vasitəsilə qlobal səylərin əlaqələndirilməsi daxildir.

Bundan başqa, sürücülər günlərlə, hətta həftələrlə sərhədlərdə qalmağa məcbur olurlar. Bu, birbaşa iqtisadi itkilərə, əlavə emissiyalara və mahiyyət etibarilə qeyri-insani əmək şəraitinə gətirib çıxarır. BMT konvensiyalarının, xüsusən də TIR tranzit sisteminin geniş istifadəsi sərhəd əməliyyatlarını əhəmiyyətli dərəcədə sadələşdirməyə və gözləmə müddətini azaltmağa imkan verərdi.

Bütün bu "dar boğazlar" həm nəqliyyat operatorları, həm də milli iqtisadiyyatlara böyük yük yaradır. Halbuki zəruri alətlər artıq mövcuddur - onlardan maksimum səmərəli istifadə etməyin vaxtı çatıb.

Bu kontekstdə IRU Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə regional təşəbbüslərin əsas iştirakçılarından və fəal tərəfdarlarından biri kimi çıxış edir. Söhbət xüsusilə "BMT-nin hüquqi alətləri və standartlarından istifadə etməklə Transxəzər Nəqliyyat Dəhlizi boyunca multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi"ndən gedir. Bu Yol Xəritəsi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının 2023-cü ilin noyabrında Azərbaycanda keçirilmiş Zirvə görüşündə qəbul edilib.

Beşillik dövr üçün iddialı hədəflərin nəzərdə tutulduğu Yol Xəritəsi hökumətləri və iqtisadi operatorları BMT-nin təchizat zəncirində elektron məlumat mübadiləsi üzrə beynəlxalq standartlar əsasında eTIR və e-CMR-in tətbiqinə başlamağa çağırır. Hüquqi baza və texnoloji həllər artıq mövcuddur. Prosesi irəli aparmaq üçün siyasi iradənin olması əsas şərtdir.

Azərbaycan hökuməti isə öz növbəsində, Orta Dəhlizi dayanıqlı, qarşılıqlı əlaqəli, rəqəmsal və sabit inkişaf modeli kimi ardıcıl surətdə inkişaf etdirir. Biz COP29 çərçivəsində bu istiqamətdə çox sıx əməkdaşlıq etdik və qarşılıqlı fəaliyyətin, o cümlədən Azərbaycanın 2026-cı ildə Beynəlxalq Nəqliyyat Forumunun sammitinə sədrliyi dövründə əlaqələrin davam etdiriləcəyinə ümid edirik.

- IRU tranzitin sadələşdirilməsi və nəqliyyat axınlarının səmərəliliyinin artırılması məsələlərində Azərbaycan və regionun digər ölkələri arasında vasitəçi və ya dialoq platforması kimi çıxış edə bilərmi?

- Tranziti sadələşdirmək və nəqliyyat axınlarının səmərəliliyini artırmaq üçün velosiped icad etməyə ehtiyac yoxdur, əksinə, onilliklər ərzində mövcud olan imkanlardan səmərəli istifadə etmək lazımdır. IRU bir çox hökumətlər və qurumlarla məhz bu istiqamətdə əməkdaşlıq edir.

Beynəlxalq səviyyədə uyğunlaşdırılmış alətlər və rəqəmsallaşma vasitələri ilə biz nəqliyyat və tranzit potensialından maksimum istifadə edə və "dar boğazları" aradan qaldırmağa kömək edə bilərik. TIR kimi ticarətin sadələşdirilməsi alətləri məhz bu məqsədlə: sərhəd əməliyyatlarını optimallaşdırmaq üçün işlənib hazırlanıb.

- Mərkəzi Asiya, Cənubi Qafqaz və Aİ ölkələri arasında multimodal marşrutların inkişafı sahəsində əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Bu istiqamətlərin Rusiya və İrandan keçən ənənəvi marşrutlarla müqayisədə daha rəqabətli olması üçün hansı addımlar atılmalıdır?

- Təxminən 20 il əvvəl IRU Yeni Avrasiya Nəqliyyat Təşəbbüsünü (NELTI) başladıb. Onun məqsədi Çinlə Avropa İttifaqı arasında şimal, mərkəzi marşrutlar (Xəzər dənizi vasitəsilə), yəni indiki Orta Dəhliz və cənub marşrutları ilə avtomobil daşımalarının həyata keçirilməsinin mümkünlüyünü sınaqdan keçirmək idi. Həmin dövrdə bir çox siyasətçilər və biznes nümayəndələri layihəyə şübhə ilə yanaşırdılar, lakin o, özünü doğrultdu və avtomobil dəhlizlərinin Mərkəzi Asiya vasitəsilə əsas istehsal və istehlak regionlarını necə birləşdirə biləcəyini əyani şəkildə nümayş etdirdi.

Bu məqsədlər aktuallığını bu gün də qoruyur. Lakin multimodal marşrutların həqiqətən rəqabətqabiliyyətli olması üçün müxtəlif nəqliyyat növlərinin bir-birini qarşılıqlı surətdə tamamlaması qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, rəqəmsal nəqliyyat, tranzit və kommersiya sənədlərinə keçid sürətləndirilməli, eləcə də marşrutlar boyunca tranzit vaxtı və xərcləri azaldılmalıdır. Yubanmalar və əlavə xərclər səbəbindən alternativ istiqamətlərin üstünlüklərinin çox vaxt heç bir əhəmiyyətinin olmadığı intermodal terminallara və yükaşırma məntəqələrinə xüsusi diqqət yetirilməlidir.

- IRU sektorun rəqəmsallaşdırılmasında hansı prioritetləri görür? Sənəd dövriyyəsinin sadələşdirilməsi və sərhədkeçmə vaxtının azaldılması üçün elektron CMR qaiməsinin (e-CMR), TIR-EPD və digər rəqəmsal alətlərin tətbiqi prosesi necə irəliləyir?

- Rəqəmsallaşma nəqliyyat əməliyyatlarının səmərəliliyinin, təhlükəsizliyinin və şəffaflığının daha da artırılması üçün həlledici əhəmiyyət kəsb edir. Təəssüf ki, bu sahədə irəliləyiş ləng gedir. Hazırda e-CMR-ə 39 ölkə qoşulub.

Ölkələrin sayına baxmayaraq, tətbiq prosesi də sürətli deyil. Bu gün CMR hər il təxminən 280 milyon beynəlxalq avtomobil nəqliyyatı əməliyyatını əhatə edir, lakin e-CMR-dən əməliyyatların 1 %-dən az hissəsində istifadə olunur.

e-CMR çoxsaylı üstünlüklər təklif edir: inzibati xərclərin azalması, kağız sənədlərdən imtina, hesab-fakturaların təqdim edilməsinin sürətləndirilməsi, əməliyyatların şəffaflığının və görünürlüyünün artırılması, eFTI-yə (yük daşımaları haqqında məlumatların rəqəmsallaşdırılması və standartlaşdırılması üzrə Aİ reqlamenti) uyğunluq. e-CMR avtomobilqayırma, kimya sənayesi, pərakəndə ticarət və bağçılıq kimi sektorlarda getdikcə daha çox istifadə olunur.

Lakin e-CMR platformaları arasında uyğunluğun olmaması ən böyük maneələrdən biri olaraq qalır. e-CMR-in tətbiqinin genişləndirilməsi yalnız o halda mümkündür ki, yükgöndərənlər, ekspeditorlar və daşıyıcılar müxtəlif platformalarda işləyə bilsinlər. Bu maneə aradan qaldırılmayana qədər logistika sektoru e-CMR-in üstünlüklərindən tam yararlana bilməyəcək. Digər problemlərə hüquqi öhdəliklərin platformaların texniki tələblərinə çevrilməsi, nəzarət orqanları tərəfindən e-CMR-in tanınması ilə bağlı qeyri-müəyyənlik, rəqəmsal imzalar üzrə dəqiq təlimatların olmaması və etibarlı platformaların əlçatanlığı ilə bağlı məhdudiyyətlər daxildir.

Bu çətinliklərə baxmayaraq, e-CMR-in tətbiq imkanları tam qiymətləndirilmir. Məhdud sayda daşıyıcı ilə işləyən bir çox istehsalçı və yükgöndərən artıq bu gün e-CMR-dən faydalana bilər, çünki onlar qarşılıqlı əlaqə problemi ilə üzləşmirlər.

TIR-EPD-yə (yüklər haqqında ilkin məlumatlandırma sistemi, bu, gömrüyə aşağı və yüksək riskli yükləri əvvəlcədən ayırmağa imkan verir) gəlincə, burada vəziyyət fərqlidir. TIR-EPD bütün Asiyada geniş istifadə olunur və TIR sisteminin səmərəliliyini artırır. IRU "TIR yaşıl dəhlizləri"ni (TIR Green Lanes) təşviq etmək üçün öz üzvləri və milli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir. Bu xüsusi zolaqlar sərhədlərdə yoxlanılmış TIR nəqliyyat vasitələrinə üstünlük verir.

Sənaye üzrə artıq nəzərəçarpacaq irəliləyiş müşahidə olunur: Türkmənistan bütün əsas sərhədlərdə "TIR yaşıl dəhlizləri" yaradıb, Qazaxıstan isə Çinlə sərhəddəki Nur Jolı məntəqəsində onların fəaliyyətini bərpa edib. Bütün Mərkəzi Asiya ölkələri, eləcə də Rumıniya, Moldova, Çin, Monqolustan və Səudiyyə Ərəbistanı TIR üçün prioritet zolaqlar və ya pəncərələr tətbiq edib.

- Mövcud geosiyasi və iqtisadi çağırışlar fonunda beynəlxalq avtomobil daşımalarının bərpası və sabitləşməsi ilə bağlı IRU-nun proqnozları necədir? IRU hansı inkişaf ssenarilərini daha çox mümkün hesab edir?

- Qlobal və regional təchizat zəncirlərindəki daimi yerdəyişmələr bütün ölkələrə təsir edir. Onlar yeni çağırışlar yaradır, eyni zamanda yeni imkanlar açır. Avtomobil nəqliyyatı itkiləri minimuma endirmək və yeni imkanlardan, o cümlədən TIR-ın yeni regionlarda tətbiqi sayəsində yaranan imkanlardan istifadə etməyə hazır olmaq üçün daim uyğunlaşmalıdır. Avtomobil nəqliyyatı elektrik enerjisi kimidir - o, ən az müqavimət yolunu izləyir. Biz nikbinliyimizi qorumalıyıq, çünki avtomobil nəqliyyatı regional inteqrasiya üçün həyati əhəmiyyət kəsb edir, xüsusilə də dənizə çıxışı olmayan ölkələr üçün mühüm rol oynayır.

- Əməliyyat xərclərinin - yanacaq qiymətlərinin, sığorta tariflərinin artması və ekoloji tələblərin sərtləşdirilməsi şəraitində IRU kiçik və orta nəqliyyat şirkətləri üçün hansı dəstək mexanizmlərini təklif edir?

- Kiçik və orta müəssisələr avtomobil nəqliyyatı sənayesinin əsasını təşkil edir: bütün operatorların 85 %-dən çoxu onların payına düşür. Bununla yanaşı, onların gəlirliliyi ənənəvi olaraq olduqca aşağı səviyyədədir. Əgər milli və regional hakimiyyət orqanları bu reallığı nəzərə almasalar, xərclərin daha da artması təkcə daşıyıcıların özləri üçün deyil, bütövlükdə iqtisadiyyat üçün mənfi nəticələrə səbəb ola bilər.

Bununla əlaqədar ölkələr logistik bünövrəni möhkəmləndirməlidir. Sənayenin uzunmüddətli rəqabətliliyi birbaşa dövlət dəstəyindən - ilk növbədə, daha "ağıllı" infrastrukturun inkişafından, ixtisaslı sürücülərə transsərhəd çıxışın sadələşdirilməsindən və qaydaların uyğunlaşdırılmasından asılıdır. Sürətlə dəyişən qlobal mənzərədə uğur uzaqgörən siyasət və əməliyyat çevikliyi ilə müəyyən ediləcək.

Dekarbonizasiya buna yaxşı nümunədir. Məhz kiçik və orta yükdaşıyıcıların iqtisadi cəhətdən əsaslandırılmış, həyata keçirilə bilən və real iş şərtlərini əks etdirən dəstək tədbirlərinə xüsusi ehtiyacı var. Söhbət, ilk növbədə, yanacaq və elektrik enerjisi doldurma məntəqələrinin sürətlə qurulmasından gedir – əks halda alternativ yanacaq növlərinə keçid mümkün olmayacaq. İkincisi, elektrik şəbəkələrinin kommersiya məqsədli nəqliyyat vasitələri üçün enerjinin həqiqətən ehtiyac olan yerlərdə verilməsinə hazırlığının təmin edilməsi. Üçüncüsü, KOB-lara maliyyə dəstəyinin göstərilməsidir, çünki alternativ yanacaqla - xüsusilə elektrik və hidrogenlə işləyən yük maşınları hələ də ənənəvi dizel yanacağı ilə işləyən yük maşınlarından daha bahadır. Burada investisiya risklərinin azaldılması mexanizmləri və dəstək tədbirləri vacibdir.

Nəhayət, texnoloji neytrallıq prinsipial olaraq vacib qalır. Tənzimləmə və dəstək tədbirləri avtomobil nəqliyyatı sektorunda əməliyyat modellərinin və marşrutların müxtəlifliyi nəzərə alınmaqla sıfır və aşağı emissiyalı həllərin - elektrikli nəqliyyat vasitələri, hidrogen, bərpa olunan yanacaq növlərinin birləşməsini nəzərdə tutmalıdır.

- IRU sərhədkeçmə şərtlərini yaxşılaşdırmaq və əsas tranzit marşrutlarında yubanmaları azaltmaq üçün hökumətlər və özəl sektorla necə əməkdaşlıq edir?

- IRU insanların və yüklərin daha sürətli, təhlükəsiz və səmərəli hərəkətini təmin etmək üçün qlobal üzvlər birliyi, milli hökumətlər və beynəlxalq təşkilatlarla birlikdə işləyir. Biz avtomobil daşımaları sahəsinin güclü səsə, qlobal nüfuza və beynəlxalq səviyyədə razılaşdırılmış mövqeyə malik olmasını təmin edirik.

Biz IRU üzvlərinə iddialı hədəflərə çatmaqda kömək edir və eyni zamanda sektorun ədalətli, rəqabətqabiliyyətli və məsuliyyətli olması üçün çalışırıq. Bu baxımdan başa düşmək vacibdir ki, tranzitin inkişafı ilə bağlı müzakirələr çox vaxt yalnız milyardlarla vəsaitin xərcləndiyi sərt infrastruktura - yollara, körpülərə, terminallara yatırımlara fokuslanır. Nisbətən ucuz başa gələn, lakin dərhal effekt verən "yumşaq" tədbirlər isə çox vaxt diqqətdən kənarda qalır.

TIR sistemi bu cür yanaşmanın bariz nümunəsidir. Tətbiq olunduğu onilliklər ərzində o, sərhədkeçmə vaxtını 92 %-ə qədər azaltmaq, nəqliyyat xərclərini 50 %-ə endirmək və sərhəd zonalarında CO₂ emissiyalarını 90 %-ə qədər azaltmaq qabiliyyətini sübut edib.

Məhz buna görə də biz ardıcıl olaraq sərt infrastruktura investisiyaların transsərhəd hərəkətin təşviqi üzrə müasir tədbirlərlə vəhdət təşkil etməsinin tərəfdarıyıq. Söhbət rəqəmsal gömrük və tranzit sistemlərinin tətbiqindən, həmçinin əsas sərhəd keçidlərində ekspres zolaqların və "TIR yaşıl dəhlizlərinin" yaradılmasından gedir. Böyük həcmli və əlavə prosedurlar nəqliyyat xərclərini eksponensial olaraq artırır, qeyri-tarif maneələrinin azaldılması isə milli iqtisadiyyatların möhkəmlənməsinə birbaşa töhfə verir. Təcrübə göstərir ki, TIR sisteminə qoşulduqdan sonra Mərkəzi Asiya ölkələrində avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 60 %, Avropada isə 68 % artıb.

- IRU Avrasiya regionunda yaxın 3-5 il üçün hansı əsas hədəfləri və iş istiqamətlərini müəyyən edib?

- IRU mobillik və logistika sahəsində tanınmış qlobal səsdir. Bütün dünyada olduğu kimi, Avrasiya regionunda da fəaliyyətimizin mərkəzində insanlar, iqtisadi rifah və ətraf mühit dayanır.

Avrasiya IRU və onun üzvləri üçün sənayedə struktur dəyişikliklərinin təşviqi baxımından strateji əhəmiyyətə malikdir. Buradakı prioritetlərimiz ilk növbədə, avtomobil daşımalarının səmərəliliyinin artırılması, sərhədkeçmə prosedurlarının optimallaşdırılması, peşəkar sürücülərin cəlb edilməsi, eləcə də sektorun dekarbonizasiyasına dəstək verilməsinə fokuslanıb.

Təxminən 80 illik təcrübəyə malik olan IRU sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məsələlərində qlobal ekspertdir. Avrasiyada biz iqtisadiyyatların açılmasına, dənizə çıxışı olmayan ölkələrin quru nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuş dövlətlərə çevrilməsinə və beynəlxalq səviyyədə tanınmış alətlər əsasında təkmilləşdirilmiş bağlantı, dəhlizlərin rəqəmsallaşdırılması və maneəsiz tranzit vasitəsilə intermodal əməkdaşlığın inkişafına töhfə veririk.

Biz insan amilinə xüsusi diqqət yetiririk. Sürücülər nəqliyyat sahəsinin qəhrəmanlarıdır. Bununla belə, peşəkar yük maşını sürücülərinin çatışmazlığı ən ciddi problemlərdən biri kimi təkcə Avrasiyaya deyil, qlobal təchizat zəncirlərinə də təsirsiz ötüşmür. Əmək şəraitinin çətin olmasına baxmayaraq, sürücülərin əksəriyyəti peşələrinə sadiq qalırlar, lakin daha çox tanınma və yaxşı iş şəraiti gözləyirlər.

Avtomobil nəqliyyatı sektorunun peşəkarlaşdırılması sürücü peşəsinin cəlbediciliyinin artırılmasında mühüm rol oynayır. IRU və onun üzvləri hökumətlər və inkişaf tərəfdaşları ilə birlikdə sektorun rəsmiləşdirilməsi, təlim sistemlərinin inkişafı və peşəkar ixtisas standartlarının yüksəldilməsi üzərində işləyirlər ki, bu da birbaşa olaraq daşımaların səmərəliliyində və əsas marşrutlarda təhlükəsizlik səviyyəsində öz əksini tapır.

Peşəkar sürücülər üçün viza prosedurları, sərt miqrasiya siyasəti və sərhəd əməliyyatlarının səmərəsiz təşkili ciddi maneə olaraq qalır. Vizalar çox vaxt ləng, qeyri-şəffaf və həddindən artıq bürokratik şəkildə rəsmiləşdirilir, beynəlxalq sürücülər, o cümlədən TIR sistemi çərçivəsində işləyənlər isə tez-tez xüsusi statusları və ticarətin təmin edilməsindəki rolları nəzərə alınmadan adi miqrantlar kimi nəzərdən keçirilir. Nəticədə sürücülər günlərlə və həftələrlə əsas sərhəd keçidlərində ilişib qalırlar ki, bu da iqtisadi itkilərə, əlavə emissiyalara və ağır əmək şəraitinə gətirib çıxarır.

Nəhayət, işimizin ən vacib istiqaməti dekarbonizasiya olaraq qalır. IRU-nun "Yaşıl paktı" 2050-ci ilə qədər avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalarda karbon neytrallığına nail olmaq üçün kollektiv qlobal yol xəritəsidir. Bir çox Avrasiya ölkələri artıq 2050 və ya 2060-cı ilə qədər sıfır emissiyaya nail olmaq üçün hədəfləri müəyyən edib.

Bu məqsədlərə çatmaq və eyni zamanda daşımalara tələbatın artması üçün bir tərəfdən səmərəliliyin artırılmasına diqqət yetirmək, digər tərəfdən isə alternativ yanacaq növlərinin tətbiqi üzrə uzunmüddətli strategiyalar hazırlamaq lazımdır ki, bu da müvafiq infrastrukturun mövcudluğundan birbaşa asılıdır. Daha uzun nəqliyyat vasitələrinin istifadəsi, marşrutların optimallaşdırılması və sürücülərin təlimi kimi praktik tədbirlər artıq bu gün sübut edir ki, səmərəliliyin artırılması həm də ətraf mühitə təsirin azalması deməkdir.

Əlverişli normativ mühit və iqtisadi stimullar olduqda, avtomobil daşımaları sənayesi artıq indidən karbon izini 50 %-ə qədər azaltmağa qadirdir. Bundan başqa, real əməliyyatlar göstərir ki, TIR sistemi tətbiq olunmaqla sərhədkeçmə prosedurlarının sadələşdirilməsi transsərhəd marşrutlarda CO₂ emissiyalarını 30 %-ə qədər azaldır. IRU-nun "Yaşıl paktı" regional çeviklik prinsipinə əsaslanır, buna görə də Avrasiya üçün həllər digər regionlardakı yanaşmalarla eyni olmaya bilər.

IRU dayanıqlı ticarət, nəqliyyat və tranzit əlaqəsini təşviq etmək üçün üzvləri, milli hökumətlər və regional təşkilatlarla sıx əməkdaşlığa sadiqdir.

- Bu yaxınlarda IRU nümayəndə heyəti İranın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki üç əsas məntəqədə olub. Hansı əsas nəticələr əldə olunub?

- Bəzirgan (İran - Türkiyə), Astara (İran - Azərbaycan) və Biləsuvar (İran - Azərbaycan) sərhəd keçidlərinə səfərlərdə məqsəd zamanla sınaqdan keçirilmiş TIR sistemindən istifadə etməklə təkmilləşdiriləcək potensial istiqamətləri müəyyən etmək üçün mövcud infrastrukturun və gömrük prosedurlarının qiymətləndirilməsi olub.

Səfərlər zamanı gömrük orqanlarının, Yolların Saxlanılması və Nəqliyyat Təşkilatının, yerli ticarət və sənaye palatalarının və nəqliyyat assosiasiyalarının nümayəndələri TIR-ın tətbiqinin genişləndirilməsini dəstəkləyərək, onun təhlükəsizlik və səmərəlilik baxımından üstünlüklərini vurğulayıblar.

Aşkar edilmiş əsas problemlərdən biri qonşu ölkələrdən gələn yük maşınlarının qəbul səviyyəsinin aşağı olması olub ki, bu da sərhədlərdə tıxacların yaranmasına gətirib çıxarır. Sərhəd məntəqələri risklərin idarə edilməsi alətlərinin tətbiqi və daşımaların aşağı və yüksək riskli qruplara bölünməsi şərti ilə buraxılış qabiliyyətini artırmaq potensialına malikdir. TIR - sərhədkeçmə prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdıra bilən, elektron ilkin bəyannamə (TIR-EPD) ilə dəstəklənən son dərəcə təhlükəsiz sistemdir. TIR çərçivəsində bütün gömrük rəsmiləşdirmələri yola düşmə və təyinat məntəqələrində icra edilir və gömrük orqanlarının sərhəddə yüklərə fiziki baxış keçirməsinə ehtiyac qalmır. TIR müddəalarının tam tətbiqi halında sərhədkeçmə həcmləri əhəmiyyətli dərəcədə artırıla bilər.

Səfərlərin yekunları üzrə iştirakçılar TIR-ə üstünük verilməsinə, o cümlədən TIR nəqliyyat vasitələrinin sərhədi daha səmərəli keçməsi üçün "TIR yaşıl dəhlizləri"nin yaradılması barədə razılığa gəliblər. Bununla yanaşı, operatorların TIR sisteminə çıxışının sadələşdirilməsi, o cümlədən TIR kitabçalarının bilavasitə sərhəd keçidlərində paylanması barədə qərar qəbul edilib. Eyni zamanda, TIR-in tətbiqində çətinliklər müəyyən edilib, TIR assosiasiyaları və onların yerli bölmələri vasitəsilə müvafiq maraqlı tərəflər üçün potensialın artırılması tədbirlərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

- Bu görüşlər zamanı tərəflər avtomobil nəqliyyatı üçün "yaşıl dəhlizlər"in yaradılması barədə razılığa gəliblər. Onların işi hansı prinsiplərə əsaslanacaq - prioritet rəsmiləşdirmə, rəqəmsallaşma, ilkin xəbərdarlıq sistemləri, ayrılmış hərəkət zolaqları və s.?

- Beynəlxalq konvensiyaların, məsələn, "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın tövsiyələrindən biri TIR kimi beynəlxalq tranzit sistemləri çərçivəsində həyata keçirilən daşımalara üstünlük verilməsidir.

Yüklər haqqında elektron ilkin məlumatlandırma alətləri ilə dəstəklənən və gömrük orqanları üçün yüksək təhlükəsizlik səviyyəsini təmin edən yeganə qlobal tranzit sistemi olan TIR sistemi ilə daşınan yüklər üçün "yaşıl zolaqlar"ın yaradılması "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin səmərəliliyini artıra bilər.

Lakin sərhəd keçidinin səmərəliliyini ikiqat artırmaq üçün belə "yaşıl dəhlizlər" sərhədin hər iki tərəfində yaradılmalıdır. Məhz buna görə də biz Azərbaycan və Türkiyəyə bu etibarlı sadələşdirmə alətindən tam istifadə etmək üçün müvafiq tədbirlər həyata keçirməyi tövsiyə edirik.

- Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların İranın nəqliyyat sisteminə çıxışının sadələşdirilməsi və xarici operatorlar üçün prosedurların şəffaflığının artırılması üzrə hansı tədbirlər planlaşdırılır?

- İranda müəyyən edilmiş prosedurların sadələşdirilməsi tədbirlərindən biri elektron növbə sisteminin tətbiqdir. Bu sistem çərçivəsində istənilən sürücü sərhədə çatmazdan əvvəl öz yerini bron edə bilər. Bu, sərhəd keçidlərində tıxacları əhəmiyyətli dərəcədə azaldan təsirli alətdir: sürücü sərhədə nə vaxt gəlməli olduğunu əvvəlcədən bildiyi üçün uzun növbələrdə gözləmək məcburiyyətində qalmır.

Bu sistem həmçinin sərhəd xidmətləri, gömrük və nəqliyyat orqanları, eləcə də yerli icmaların yükünü azaldıb və bu, sərhəddə nəqliyyat sıxlığının idarə olunmasının mümkünlüyü ilə əlaqədardır.

Sistemin səmərəliliyini artırmaq və TIR sistemi üzrə daşımaların tez xarab olan yüklər və təhlükəli maddələrlə bərabər üstünlüyə olması üçün müvafiq orqanlarla işləyirik.

Bundan başqa, İran sürücülərin sərhədi keçmək üçün növbə gözlədiyi zaman istirahət edə biləcəyi zəruri infrastrukturla təchiz edilmiş böyük mühafizə olunan parklanma zonaları yaradıb.

Faktiki olaraq əsas problem sərhədkeçmələrin sayındadır və bu, sutka ərzində sərhəddən keçən yük maşınlarının sayının maksimum həddə çatdırılması üçün qonşu ölkələrin dəstəyini və koordinasiyasını tələb edir. Hazırda potensial xeyli yüksək olsa da, statistik göstəricilər qənaətbəxş deyil.

- IRU beynəlxalq avtomobil daşıyıcılarının daha dayanıqlı modellərə keçidinə - karbon izinin azaldılmasına, alternativ yanacaq növlərinin tətbiqinə və nəqliyyatın enerji səmərəliliyinin artırılmasına necə kömək edir?

- Ekoloji məsələlər uzun illərdir ki, IRU-nun əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.

Dekarbonizasiya vəzifələrinin həlli öhdəliyi çərçivəsində IRU 2021-ci ildə həll yollarının axtarışı və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün praqmatik yol xəritələrinin işlənib hazırlanması məqsədilə "Yaşıl pakt" təşəbbüsünü başladıb.

Sənəddə sənayenin qlobal dekarbonizasiya hədəflərinə çatmasına imkan verən, eyni zamanda, onlardan asılı olan insanlara, icmalara və iqtisadiyyatlara nəqliyyat xidmətləri göstərməyə davam edən aydın, praktiki və kompleks yol xəritəsi öz əksini tapıb.

"Yaşıl pakt"ın yekdilliklə qəbul edilməsi IRU üzvlərinin tənzimləyici orqanlar, təchizatçılar və müştərilərlə əməkdaşlıq çərçivəsində kommersiya məqsədli avtomobil daşımaları sahəsində dekarbonizasiya vəzifələrinin həlli yolunda tarixi öhdəliyinə çevrildi.

Karbon neytrallığına nail olmaq üçün enerji səmərəliliyinin artırılması və daha təmiz yanacaq növlərinə keçid zəruridir. "Yaşıl pakt" çərçivəsində aparılan tədqiqatlar göstərir ki, bütün ölkələr və regionlar üçün uyğun olan universal texnoloji həll mövcud deyil.

Dekarbonizasiya qlobal nəticələri olan lokal bir vəzifədir, çünki ölkələr və regionlar nəqliyyat, enerji və iqtisadi şərtlərə görə əhəmiyyətli dərəcədə fərqlənir.

Bir ölkənin avtomobil nəqliyyatında karbon neytrallığına yaxınlaşmasına imkan verən həllər toplusu digərinə uyğun gəlməyə bilər.

"Yaşıl pakt" sübutların toplanması, həllərin sınaqdan keçirilməsi və miqyasının genişləndirilməsi baxımından regional çeviklik prinsipinə əsaslanır.

- IRU iqlim standartlarına, rəqəmsal həllərə və dayanıqlı logistikaya diqqət yetirməklə "yaşıl nəqliyyat" sahəsində ümumavrasiya gündəliyinin formalaşdırılmasında iştirak etmək imkanını nəzərdən keçirirmi?

- Dayanıqlı və etibarlı bağlantı dayanıqlı və etibarlı avtomobil daşımaları sektoru olmadan qeyri-mümkündür və bu, IRU-nun bütün dünyada sənayenin inkişafına dəstəyinin əsasını təşkil edir. IRU 1948-ci ildən bəri uzun bir yol keçib. Bu fəaliyyət 1940-cı illərin sonunda Avropanın ticarət əlaqələrinin bərpasına dəstəyini, bu gün isə qlobal və regional məsələlərlə bağlı fəal işi əhatə edir.

Biz on illərdir ki, Avrasiyada üzvlərimiz və hökumətlərlə birlikdə işləyir, bazarlara transsərhəd çıxış, qayda və prosedurların uyğunlaşdırılması, nəqliyyat vasitələrinin avtomatlaşdırılması və dekarbonizasiya daxil olmaqla əsas nəqliyyat məsələlərini həll edirik.

IRU-nun Bakıda keçirilən COP29-da iştirakı və nəqliyyat nazirləri tərəfindən razılaşdırılmış birgə kommunikeyə verdiyi töhfə "sərt" infrastrukturun inkişafı ilə yanaşı, məhz rəqəmsal bağlantının nəqliyyat dəhlizlərinin inkişafını yeni səviyyəyə çatdırmağa imkan verəcəyini nümayiş etdirdi.

IRU Orta Dəhlizin dayanıqlı, qarşılıqlı əlaqəli, rəqəmsal və çağırışlara davamlı inkişaf modelinə çevrilməsi üçün regional təşəbbüsü başlatmaq məqsədilə COP29 ərəfəsində Azərbaycan Nəqliyyat Nazirliyi ilə xüsusilə sıx əməkdaşlıq edib.

IRU uzun illərdir ki, dayanıqlı inkişaf sahəsində liderlik edir. Təxminən 30 il əvvəl biz bütün qlobal nəqliyyat təşkilatları arasında ilk dayanıqlı inkişaf xartiyasını hazırladıq. Fəxr edirəm ki, kommersiya məqsədli avtomobil nəqliyyatının qlobal səsi olan IRU dayanıqlı nəqliyyatın həyatımızdakı mühüm rolunu vurğulamaq üçün beynəlxalq günün təsis edilməsi təşəbbüsü ilə çıxış edən ilk təşkilat oldu. Müvafiq qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul edildi və bütün üzv dövlətlər tərəfindən dəstəkləndi.

Bu tarix çox yaxında qeyd edəcəyimiz 26 noyabrdır – bu əlamətdar gün hamıya nəqliyyatın, xüsusən də avtomobil nəqliyyatının planetimizin dayanıqlı gələcəyi üçün nə qədər vacib olduğunu dərk etməyə imkan verir.

Buna baxmayaraq, biz qarşıda duran hədəflərə çatmaq üçün hələ çox iş görməliyik. IRU BMT-nin Dayanıqlı Nəqliyyat Onilliyi çərçivəsində hökumətlərlə əməkdaşlıq çərçvəsində fəal rol oynamağa ümid edir.

Son xəbərlər

Bütün Xəbər Lenti