Balakənin Poştbinə kəndinin yararsız vəziyyətə düşən yolu təmir ediləcək
- 23 sentyabr, 2025
- 15:07

Balakən rayonunun Gürcüstanla sərhəddə, Yevlax-Zaqatala-Gürcüstan magistralının yaxınlığında yerləşən Poştbinə kəndinin yolu yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.
Sakinlər deyiblər ki, təqribən 1300 nəfərin yaşadığı Poştbinə kəndi Balakənin rayon mərkəzindən 10 kilometr məsafədə yerləşir. Onların sözlərinə görə, xüsusilə, əsas yolun kəndin kənarına qədər olan 3,5 km-lik hissəsi yararsız vəziyyətdədir.
Bildiriblər ki, daxili yollar da nəzərə alınsa, ümumilikdə 10 km-lik yolun təmirə ehtiyacı var. Əsasən payızda və yazda yağıntıların çoxalması yolda çalaların da sayını artırır. Bu isə avtomobillərin hərəkətini xeyli çətinləşdirir.
Məsələ ilə bağlı rayonun Poştbinə, Mazımqara, Arılıqbinə kəndlərinin də daxil olduğu Gərəkli kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, kənd yolu ağır texnika vasitəsi ilə hamarlanıb, yola çınqıl tökülüb. Lakin son günlər intensiv yağan yağışlar səbəbindən yolda yenidən çalalar əmələ gəlib. Qeyd olunub ki, hava şəraiti normallaşan kimi yolda yenidən təmir işləri aparılacaq.