Bakıda keçiriləcək WUF13-ə 20 mindən çox qonaq gələcək
- 06 oktyabr, 2025
- 13:18

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) iştirak üçün 20 000-dən çox qonaq gələcək.
"Report" xəbər verir ki, bunu ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası ilə bağlı təqdimatda BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, WUF13 dünyanın ən böyük tədbirlərindən biridir: "Mütləq olaraq şəhərsalma mövzusuna fokuslanan ən böyük tədbirdir. Ümid edirik ki, gələn il Bakıya 20 000-dən çox insan gələcək".
O əlavə edib ki, bu tədbirə qədər tərəfdaşlarla bir sıra təşəbbüslər planlaşdırılır ki, bu da bugünkü təqdimatın diqqət mərkəzində idi: "Burada biz hansı maraqlı tərəflərlə işləməyi gözlədiyimizi izah etdik. Bura hökumət üzvləri, milli qərar qəbul edənlər, yerli idarəetmə orqanları, parlament üzvləri, gənclər, qadınlar, vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri, xeyriyyə təşkilatları, elmi-tədqiqat institutları, akademiya və əlilliyi olan şəxslər daxildir".