ICAO tədbirinin Azərbaycanda keçirilməsi imkanları müzakirə edilib

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 11:51
ICAO tədbirinin Azərbaycanda keçirilməsi imkanları müzakirə edilib

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə 2026 və ya 2027-ci ildə ölkədə beynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirə ediblər.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüşündə aparılıb.

Bildirilib ki, ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgə layihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması və təlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrların inkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nun tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb.

Azərbaycan nümayəndə heyəti həmçinin Ələtdə icra olunan "Ələt Yaşıl Hava Limanı" layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumat verib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativ yanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündə ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu layihə milli və qlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığı nəzərdə tutur.