Rövşən Rüstəmov: "Orta Dəhliz Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxış təmin edir"

İnfrastruktur
  • 24 noyabr, 2025
  • 18:20
Rövşən Rüstəmov: Orta Dəhliz Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxış təmin edir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY), ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində Estoniya Dəmir Yolları ("AS Eesti Raudtee") ilə daha sıx əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report xəbər verir ki, bu barədə ADY-nin sədri Rövşən Rüstəmovun Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermannla keçirdiyi görüşdə bildirilib.

R. Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.

K. Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti