Azərbaycan üç ölkə ilə yükdaşımaların artımı ilə bağlı danışıqlara başlayıb

İnfrastruktur
  • 04 aprel, 2022
  • 14:00
Azərbaycan üç ölkə ilə yükdaşımaların artımı ilə bağlı danışıqlara başlayıb

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə yükdaşımaların artırılması ilə bağlı danışıqlara başlayıb.

Bunu “Report”a Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, hazırda sözügedən dövlətlərin nazirlikləri arasında məsləhətləşmələr aparılır: “Ölkələr arasında aparılan müzakirələr Azərbaycanın da üzv olduğu Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istiqamətində artacaq yüklərin emalı ilə bağlıdır. Bu istiqamətdə mövcud olan nəqliyyatın artan yükdaşımalara tam hazır olması, gəmilərin yetərincə olması məsələsi müzakirə edilir”.

R.Bayramov qeyd edib ki, hazırda regionda bir sıra proseslər baş verir: “Bir sıra şirkətlərin Rusiya istiqamətində yük daşımalarından imtina etməsi ilə Orta Dəhlizə maraq daha da artacaq. Nəzərə alsaq ki, Rusiya istiqamətində daşınan yüklərin həcmi çox böyükdür. Azərbaycan Rusiya üzərindən keçən yüklərin hamısını götürə bilməz. Lakin Azərbaycan üzərindən daşınan yükdaşımalarda 5 qat artım ola bilər. Azərbaycan üzərindən 40 min konteyner daşınırdısa, ilin sonuna qədər 150 min konteynerin daşınması proqnozlaşdırılır. Orta Asiya istiqamətindən Azərbaycan üzərindən 33-35 minə yaxın avtomobil daşımaları Orta Dəhlizə cəlb edilə bilər”.

Xatırladaq ki, bir sıra xarici mediada Rusiya-Ukrayna münaqişəsinə görə bir sıra beynəlxalq şirkətlərin Çin-Avropa istiqamətində yükdaşımalarda Belarus – Rusiya – Qazaxıstan marşutundan imtina etmək istəmələri ilə bağlı yazılar dərc edilir. Beynəlxalq şirkətlər Azərbaycanın da üzv olduğu Orta Dəhlizdən istifadə etmək istəyirlər. Bildirilir ki, ötən il Belarus-Qazaxıstan-Rusiya dəhlizindən 700 min konteyner daşınıb. Bu konteynerlərin müəyyən hissəsinin Azərbaycan ərazisindən keçməsi gözlənilir.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.