Azərbaycan dünyanı Bakıda keçiriləcək WUF13-ə dəvət edib

İnfrastruktur
  • 04 sentyabr, 2025
  • 16:28
Azərbaycan dünyanı Bakıda keçiriləcək WUF13-ə dəvət edib

Azərbaycan dünyanı 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edir.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, WUF13 gələn ilin 18–22 may tarixlərində Bakıda təşkil olunacaq: "Ölkəmiz dünyanı bu mühüm tədbirdə iştirak etməyə dəvət edir ki, dayanıqlı urbanizasiya sahəsində yeni əməkdaşlıq imkanları yaradılsın. Bizim üçün böyük şərəf olacaq ki, Türkiyə hökuməti, biznes dairələri və vətəndaş cəmiyyəti forumda geniş şəkildə təmsil olunsun. Bu tədbir şəhərlərin salınması və inkişafında yeni effektiv enerji həllərinin təqdim olunması üçün gözəl imkandır".

Qeyd edək ki, Forum Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək və şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda beynəlxalq mütəxəssisləri bir araya gətirəcək. Tədbir iştirakçılara innovativ şəhər layihələri, yeni texnologiyalar və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı yaradacaq.