Azərbaycan ABŞ ilə TRIPP təşəbbüsünü müzakirə edib
- 17 aprel, 2026
- 12:50
Azərbaycan ilə ABŞ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının nəqliyyat və süni intellekt istiqamətləri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ilə ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparıb.
Bununla yanaşı, Azərbaycanda həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, süni intellekt, data mərkəzləri və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.