Anar Rzayev: "Azərbaycanda mikromobillik zolağının uzunluğu ilə bağlı hədəf 100 kilometrdir"

İnfrastruktur
  • 28 yanvar, 2026
  • 10:45
Anar Rzayev: Azərbaycanda mikromobillik zolağının uzunluğu ilə bağlı hədəf 100 kilometrdir

Azərbaycanda mikromobillik zolağının uzunluğu ilə bağlı hədəf 100 kilometrdir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırda mikromobillik zolağının uzunluğu 60,3 kilometr təşkil edir: "Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturu genişlənir. Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib".

O qeyd edib ki, hazırda icarəyə verilən skuter sayı 4 900, velosiped sayı 2 200-dür: "2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12 % təşkil edir".