Ağdaş, Göyçay və Mingəçevirdə quraqlıq ciddi problemlər yaradır
- 10 sentyabr, 2025
- 14:43

Azərbaycanda quraqlığın daha ciddi təsir etdiyi ərazilər arasında Ağdaş, Göyçay və Mingəçevir bölgələridir.
"Report" xəbər verir ki, bunu "Təməlsu Beynəlxalq Mühəndislər Xidməti AŞ"nin layihə rəhbəri Fatih Kəskin Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində baş tutan "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, burada yağışların miqdarı 20-30 % azalıb, bu isə ərzaq istehsalı üçün əlavə su ehtiyatlarının zəruriliyini göstərir: "Son 22 ildə Azərbaycanda orta illik temperatur kəskin artıb. Bu, həm şəhər həyatına, həm də kənd təsərrüfatına təsir edir. Artan temperatur evlərdə enerji istehlakını artırır, kənd təsərrüfatı bölgələrində isə su ehtiyacını artırır, çünki suyun böyük hissəsi atmosferə buxarlanır".
F Kəskin qeyd edib ki, dünyada olduğu kimi, Azərbaycanda da quraqlıqlar daha tez-tez, daha güclü və daha geniş miqyasda baş verir: "Bu isə yalnız su resurslarını deyil, həmçinin ərzaq təminatını, enerji istehsalını və sosial sabitliyi təhlükə altına qoyur. Lakin Türkiyə və region bu çətinlikləri fürsətə çevirmək üçün davamlı su təchizatı sistemlərinə, inteqrasiya olunmuş su resurslarının idarə olunmasına və iqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığın gücləndirilməsinə sərmayə yatırır".