Abşeron Logistika Mərkəzi: Azərbaycan Xəzər regionunu Orta Dəhlizin əsas logistika mərkəzinə çevirir
- 25 sentyabr, 2025
- 14:57

Azərbaycan Xəzər regionunu Orta Dəhlizin əsas logistika mərkəzinə çevirir.
"Report" xəbər verir ki, bunu Abşeron Logistika Mərkəzinin Beynəlxalq daşımalar departamentinin direktoru Nicat Əsgərov Bakıda "Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə bildirib.
O bildirib ki, logistika bu gün iqtisadi inkişafın ən vacib hərəkətverici qüvvələrindən biridir: "Müasir iqtisadiyyatda uğurun açarı məhz logistikanın səmərəli idarə olunmasındadır. 19-cu əsrin 70-ci illərində dünyanın ilk uğurlu neft tankeri məhz Bakıda istismara verilib və Xəzər dənizi ilə Həştərxana xam neft daşınıb. Abşeron yarımadasından zavodlara neft daşıyan Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti isə dünyanın ilk tank platformalarından istifadə edən nəqliyyat sistemi idi".
Onun sözlərinə görə, bu gün Xəzər regionu beş ölkənin – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın maraqlarının uzlaşdırılmasını tələb edir: "Lakin bu çətinlik inkişaf üçün imkan yaradır. Limanların modernləşdirilməsi, prosedurların sadələşdirilməsi və sərmayədarların cəlb edilməsi Xəzəri Orta Dəhlizin əsas həlqəsinə çevirir".
N. Əsgərov qeyd edib ki, Azərbaycan sadəcə tranzit nöqtəsi olmaqdan çıxaraq əlavə dəyər yaradan logistika mərkəzinə çevrilir: "Abşeron quru limanında qurduğumuz model yalnız anbar və yükləmə-boşaltma ilə məhdudlaşmır. Burada konsolidasiya, qablaşdırma, yenidən qablaşdırma, etiketləmə, yüngül istehsal, hətta məhsulların terminal daxilində saxlanılması kimi xidmətlər təqdim olunacaq".