İlham Namiq Kamal: Sənət adamı ehtiyac içində olacaqsa, qürurunu itirəcək - MÜSAHİBƏ

İncəsənət
  • 16 sentyabr, 2025
  • 12:19
İlham Namiq Kamal: Sənət adamı ehtiyac içində olacaqsa, qürurunu itirəcək - MÜSAHİBƏ

Teatr Xadimləri İttifaqının binasının qarşısında saytımızın xəbər sərlövhəsinə baxıram:

"Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib"

Müsahibimizin adını verib üçüncü mərtəbəyə qalxırıq. Biz ayağımızı üçüncü mərtəbəyə basar-basmaz dəhlizin o biri başında onu görürük. Adəti üzrə, rəngli kostyumda – yəni onu kiminləsə səhv salmaq müşkül məsələdir.

Söhbətimiz elə qapının kandarındaca başlayır, həm də futboldan...

– Axır ki, göndərdilər onu. İndi Ukrayna ilə oynayacağıq. Ayxan Abbasovun qarşısında böyük məsuliyyət var. Uduzsun lap, amma oynayıb uduzsunlar, bizim istədiyimiz elə budur, vallah, başqa heç nə.

Qapını açır, yavaş-yavaş direktor müavini yazılmış balaca lövhənin yanından içəri keçir, yerimizi rahatlayırıq.

– Mən uşaq yaşlarından futbola maraqlı olmuşam. "Qarabağ"ın oyunlarına baxıram, Qurban Qurbanov dostumuzdur, çox yaxşı məşqçidir. Özüm şamaxılıyam, elə "Şamaxı"nın da, demək olar, bütün oyunlarına baxıram, özü də stadionda. Bizim stadionda iki-üç komanda ev oyununu keçirir. Təsəvvür elə, o boyda stadionun işıqları yoxdur, oyunlar məcbur ancaq günorta keçirilir.

Bir qədər duruxub gülə-gülə əlavə edir:

– Sən o suallarının başını burax e, gəl elə futboldan danışaq, nə deyirsən?

"Report" Xalq artisti İlham Namiq Kamalla müsahibəni təqdim edir.

– Necə gedir işlər, İlham müəllim? Yeni sezona başlayırıq, köklənə bilmisinizmi? – yavaş-yavaş futbol söhbətlərini yekunlaşdırıb biz də müsahibəyə köklənirik.

– Əlbəttə. Sentyabr ayı, demək olar ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr olunub. Bilirsiniz ki, Musiqili Teatr onun üç böyük əsəri ilə açılıb: "Ər və arvad", "Arşın mal alan", "O olmasın, bu olsun". Bu mövsümdə də bu üç tamaşa ilə başlayacağıq. Mən "Ər və arvad" komediyasında Mərcan bəy obrazını canlandırıram.

– Yeni mövsümdən danışdıqca lap gözünüz işıldadı. Hiss olunur ki, çox darıxmısınız.

– Bilirsən, uşaq vaxtından mənim gözüm işıqlıdır. Şamaxılılar elə belə olur, çox ilişmə bizə (gülür).

Elə bu vaxt təsadüfdən kameramızın işığı sönür. Mən də bu fürsəti əldən vermirəm.

– Kameramız belə sizin işığınıza tab gətirmədi...

İlham müəllim hələlik bu replikanı cavabsız saxlayır, amma bilirəm ki, müvəqqətidir.

– Özünüzü məmur kimi hiss edə bilirsiniz? Nəzərə alsaq ki, Teatr Xadimləri İttifaqının direktor müavinisiniz...

– Yox, mən qətiyyən məmur ola bilmərəm. Buradakı vəzifəmdən əlavə, mən 20-25 il Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri işləmişəm. Yəni nə o vaxt, nə də indi, fərqi yoxdur, heç vaxt özümü məmur kimi hiss etməmişəm. İşdir, işimizin başındayıq, belə də ki, bu işin özü də yaradıcılıq işidir, yaradıcı mühitdir. Burada məmurluqdan danışmaq düzgün olmaz.

– Müsahibələrinizin birində aktyorluğun bilavasitə şansla, bəxtlə bağlı olduğunu demisiniz. Sizcə, bu nə dərəcədə haqlı bir şeydir?

– Demişəmsə, demək, elədir, əcəb eləyib demişəm (gülür). Sənin üçün bir də təkrar edim, bəli, bu belədir. Hər bir sənətdə şans faktoru var, bu tək aktyorluq sənətinə aid deyil. Sən ürəyində olanları həyata keçirirsən, heç nə ürəyində ilişib qalmır, bunun özü də bir şansdır. Sizin üçün də bir şansdır ki, bu gün mənimlə qarşı-qarşıya oturub müsahibə edirsiniz (gülür). Elə deyil?

Elədir.

– O zaman şamaxılılara eşq olsun.

– Olsun. Bu yaxınlarda Allahverdi Yolçuyevin maddi sıxıntı yaşaması, işsizlikdən əziyyət çəkməsi gündəm olmuşdu. O da bəxtsizliyin qurbanıdır?

– Müəyyən yaş həddi var ki, o yaşdan sonra adam təqaüdə göndərilir, ona görə də Allahverdi Yollçuyev işdən azad olunub. Sizə bir etiraf edim, mən bir neçə dəfə yaşıma görə müraciət etmişəm ki, artıq yaşım keçib, məni azad edin. Amma istəməyiblər, qalmağımı istəyiblər. Ümumiyyətlə, mən aktyorun yaş həddinə görə işdən azad olunmasına qarşıyam. Ən pis halda, baba rolu, babanın babası rolu üçün yaşlı nəslə həmişə ehtiyac var.

– Allahverdi Yolçuyevi yaş məsələsinə görə işdən azad ediblər, amma sizi...

– Mən fağır insan olduğum üçün azad etməyiblər, yəqin (gülür).

– Bu və buna bənzər səbəblərdən dolayı bəzən maddi sıxıntı baxımından aktyorlarımız el şənliklərinə getmək məcburiyyətində qalır.

– Allah hamının köməyi olsun, başqa nə deyə bilərəm ki?

– Siz özünüz nə vaxtsa getmisiniz?

– Yox, mən getməmişəm. Düşünürəm ki, mənim üçün çətin olar. Mən özümü ancaq səhnədə görürəm. Həyatda məni tanıyanlar da bilir ki, başqa xarakterə sahibəm. Gedənlər barədə isə fikrim odur ki, Allah köməkləri olsun.

– Uzun illər kino sektorundan uzaq düşdünüz, amma birdən-birə "Qayınana" filminin ikinci hissəsinə çəkildiniz.

– Düzü, o filmə çəkilməkdə o qədər də maraqlı deyildim. Amma çəkildim, filmdir də yəni, yadigardır. Uğurlu olub-olmamasına gəlincə, vallah, deyim ki, onu heç tamaşaçılar görmədi, demək olar ki, nümayiş edilmədi.

– Peşəkar aktyor kimi münasibət istəyirəm, film, sizcə, uğurlu idimi?

– Filmdir də. Başqa nə deyim?

– Mən anonsuna baxmışam, mənim fikrimcə çox uğursuzdur.

– Nə bilim, filmdir də çəkilib. Bilirsən, film vəsait deməkdir, pulun varsa, o film uğurlu olacaq, yoxdursa, heç nə. Sponsorla film çəkməzlər. Ondan-bundan xahiş etməklə, lap belə yalvarmaqla çəkilən film necə olar ki? Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi? O film necə uğurlu ola bilər? 1978-ci ildə çəkilən "Qayınana" filmində mənə 7 kostyum alınmışdı, hələ köynəyi, ayaqqabını demirəm. Hələ mən bir obrazdan danışıram. Digər aktyorlar, dekorasiya, rəssam, bəstəkar... Film bahalı anlayışdır, əzizim, film birbaşa pul deməkdir, maliyyə deməkdir.

– İlham müəllim, kinodan söz düşmüşkən, "Qayınana", "Bəyin oğurlanması", "Uzun ömrün akkordları" kimi filmlərdə rollarınız var. Amma sonradan nəsə davamı gəlmədi. Özünüzmü uzaqlaşdınız, ya necə?

– Mən özümü teatr aktyor kimi görürəm, səhnədə özümü daha yaxşı hiss edirəm. Əlavə olaraq, televiziya tamaşalarında da müxtəlif rollarım olub. Yeri gəlmişkən, hazırda Azərbaycan Dövlət Televiziyasının "Biz" adlı layihəsində də varam, məncə, maraqlıdır, reaksiyalar da onu deyir. O vaxt "Mozalan"da da 80-ə yaxın epizodda çəkilmişəm, indiki "Biz" layihəsi də onun kimi bir layihədir. Burada həm yeni, həm də yaşlı nəsil, təcrübəli nəsil var, bir sözlə, maraqlıdır.

"Qayınana" filminin adını çəkdiniz, o filmdə mənim obrazım üçün 14 nəfər sınaq çəkilişinə gəlmişdi. Hüseyn Seyidzadə (Azərbaycanlı kinorejissor, əməkdar incəsənət xadimi. Milli kino tarixində ilk rəngli filmin müəllifi, – müəl.) nəsə məni seçdi. Bilirsən, o vaxt daydaylıq söhbəti yox idi. Sən kimin qohumusan, kimin yaxınısan, belə şeylər olmurdu. Hüseyn Seyidzadə dedi ki, mən İlhamı seçirəm, vəssalam. Təəssüf ki, əmi-dayı söhbəti indi var, tez-tez rast gəlinir, nə etmək olar ki...

– Müstəqilliyimizin ilk illərində müstəqil teatr yaratdınız, amma sonra fəaliyyəti dayandı. Əvvəl münasibət yaxşı idi, bir xeyli tamaşa da qoydunuz, bəs sonra nə baş verdi?

– Müstəqillikdən böyük xoşbəxtlik yoxdur. O vaxt elə bir ideya yarandı, çox gözəl də bir ideya idi. Həmin dönəmdə müstəqil teatrlara imkan verilmirdi, çünki bu, həqiqəti deməyə, nə bilim, insanları oyatmağa xidmət edərdi. Nəsə fürsət oldu, mən və Atabala Səfərovla (əməkdar artist, – müəl.) birlikdə belə bir teatr yaratdım. Fəaliyyətdə olduğumuz dönəmdə 48 tamaşa səhnələşdirdik. Məşhur bəstəkar Cavanşir Quliyev, Xalq rəssamları Nazim Bəykişiyev, Tahir Tahirov kimi peşəkarlar vardı orada. Bu layihə, haradasa, 17 il davam elədi.

O zaman bizə Gənc Tamaşaçılar Teatrının binasında şərait yaradılmışdı. Teatr təmirə bağlandı, təmirdən sonra isə düz üç teatr o binaya yerləşdirildi, ona görə də yavaş-yavaş bizim teatr da aradan çıxdı. Mən hesab edirəm ki, "İlham" miniatür teatrı kifayət qədər uğurlu və yaddaqalan bir layihə idi.

– İndi müstəqil teatrlar yox dərəcəsindədir.

– Amma olmalıdır, çünki müstəqil teatra hər zaman ehtiyac var. Amma təəssüf ki, onlara qayğı yoxdur. Başqa ölkələrdə belə deyil, onlar üçün şərait yaradılır. Uzağa getməyək, Gürcüstanda nə qədər müstəqil teatr var, amma bizdə... aydın məsələdir.

– Bir müddət öncə "AzDrama"da qalmaqal yaşandı ki, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə başqa teatrlardan ana teatra aktyorlar dəvət edir. Siz "AzDrama"dan tutmuş Kukla Teatrına, Opera və Balet, Gənc Tamaşaçılar, Musiqili Teatra qədər bir çox yerdə çalışmısınız. Yəni bu sualı sizə ona görə verirəm ki, aktyorun eyni vaxtda müxtəlif teatrlarda oynaması...

– Mən səni başa düşdüm. Deyim ki, Mehriban xanım çox istedadlı rejissordur. Mehriban xanım nə edirsə, demək, teatrın inkişafı üçün edir. Teatrın ilkin dönəmlərindən ana teatra aktyor-aktrisaların gəlməsi halı olub. Başqa bir məsələ isə rejissora, bədii rəhbərə diktə etmək olmaz. Bu onun təfəkkürüdür, o teatrı, o tamaşanı məhz elə qurmaq istəyir, vəssalam. Sən buna necə mane ola bilərsən ki? Bu düzgün deyil axı...

– Sizin belə bir fikriniz də var ki, aktyor əgər bu sənətdən pul qazana bilmirsə, gedib başqa işdə işləsin.

– Bəli, demişəm. Çünki aktyorluq sənəti sevgidən doğan bir sənətdir. Mən bu sənətə pula görə gəlməmişəm. Nə əvvəl, nə indi, bir sözlə, heç vaxt maddiyyat güdməmişəm. Maddi çətinlik yaşadığım dönəmlər də olub. Olsun da, burada faciəvi nə var ki? Məgər başqa yerdən pul qazanmaq belə müşkül məsələdir? Get başqa yerdə işlə, qazan da. Sən illərlə gəl otur burada, ad alasan deyə kiminsə yerini tut, amma sonra gileylən ki bu sənətdə pul yoxdur. Yoxdur, get başqa yerdə işlə.

– İlham müəllim, Mədəniyyət və İncəsənət Universitetinin tədris keyfiyyəti barədə tez-tez müzakirə və narazılıqlar olur. Nə düşünürsünüz, bu narazılıqların haqlı tərəfləri varmı?

– Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanda yeganə universitetdir ki, bütün dövlət teatrlarını mütəxəssislə təmin edir. Bura Bakı da daxildir, regionlar da. Dediyiniz söz-söhbət zaman-zaman olur, hesab edirəm ki, onları ciddiyə almaq lazım deyil. Pişik və ət söhbətidir.

– Yaxşı, bəs oranı bitirən tələbələrin iş tapa bilməməsi məsələsi....

– Hə, bu artıq doğrudur. Əvvəllər təyinat məsələsi var idi, bu çox yaxşı effekt verirdi. Sən universiteti bitirirdin, səni göndərirdilər filan rayona və orada dərhal bütün ehtiyacların qarşılanırdı. İndi belə deyil. Tutaq ki, səni göndərdilər Gəncəyə, gedirsən, bəs sonra? Sonrası yoxdur. Nə ev verən var, nə xərclərini qarşılayan. Regionlara gedən gənc kadr bilmir ki, 500 manat maaşla kirayə pulunu versin, ya öz xərclərini qarşılasın...

Mən bunu həmişə demişəm, yenə deyirəm, Allah heç kəsi ehtiyacla sınağa çəkməsin. Gənclər üçün bu ehtiyac məsələsi lap çətindir. Sənət adamı ehtiyac içində olacaqsa, qürurunu itirəcək. Kiminsə əlinə baxacaq, qürurlu olmayacaq. Gənc aktyorun nübar meyvəni almağa pulu yoxdursa, sabah səhnədə necə şah rolunu oynayacaq? Bu adam ehtiyac içində burulğandadır, nə şah, nə vəzir?

– Telman Adıgözəlov, Qorxmaz Əlili, siz, qardaşınız Cəfər Namiq Kamal – bu nəsil həm də Azərbaycanda indiki dillə desək, "stand up"u dəb salan aktyorlar idi. İndi də bu xətdən istifadə edən gənclər var, amma onların tamaşaçını güldürmə üsulu ilə o dövrkü fərqlidir sanki.

– Yaxşıdır, bəzən rastıma çıxır, yeri düşəndə baxıram. Bu da aktyorluq sənətinin bir xəttidir, qoludur sanki. Amma o vaxt həmin çıxışların çoxunu Dövlət Televiziyasında edirdik, bizə yaxşı şərait yaradılırdı.

Televiziyalar demiş, sənə deyim, mən televiziyaya çox az çıxıram. Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya, vəssalam. Adam o biri kanallara getməkdən qorxur, çünki qeybət verilişləri, ailə-məişət mövzularının danışıldığı verilişlər çox olur. İndi maarifləndirici verilişlər yox dərəcəsindədir. Ər-arvad, nə bilim, ailə-məişət söhbətləri, efirə yaraşmayan söhbətlər baş alıb gedir. Hamısı reytinqə görədirsə, reklam gətirmək üçündürsə, bağlasınlar, vallah, o kanalı.

– Sizin sənət dostlarınızdan o cür verilişlərdə ekspert kimi oturanlar da var. Nə əcəb sizi dəvət etmirlər?

– Onlar adamlarını yaxşı tanıyırlar da. Ona görə məni dəvət etmirlər, yəqin.

– Bəs övladlarınızdan incəsənət sahəsində olan var?

– Heç biri. Bir qızım Qərb Universitetini bitirib, bir qızım psixologiya üzrə təhsil alıb, bir oğlum Gürcüstanda biznes üzrə, digəri isə İqtisad Universitetində... Nəslimizdə incəsənət aləmində elə iki qardaş bizik, vəssalam. Bizdə daha çox həkimlər, ticarət adamları olur. Nəsə o zaman həvəs yarandı, evdən istəməsələr belə, elə oldu ki, gəlib çıxdıq bu günə...

– İlham müəllim, sizi həmişə geyim-keçiminizə fikir verən, rəngarəng geyinən görmüşük...

– Fağır şamaxılı kimi hesab edirəm ki, elə belə bu cür də geyinməliyəm...

Necə, nə cür bilmirəm, amma İlham müəllim yenə də söhbəti futboldan salır.

– Yox e, lap uduz, amma oyna uduz da. Sən də day qurtar bu söhbətləri, üzüm ye, alma ye, yaxşı şaftalı da var...

 

Son xəbərlər

Bütün Xəbər Lenti