BƏƏ-də "Əli və Nino" filmin nümayişinə başlanılıb
- 15 sentyabr, 2017
- 05:45
Bakı. 15 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi, Dubay və Əl Əyn şəhərlərində fəaliyyət göstərən Cine Royale və Vox kinoteatr şəbəkələrində Azərbaycanın "Əli və Nino" filminin nümayişinə başlanılıb.
Azərbaycanın BƏƏ-dəki səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ekran əsəri ingilis dilində nümayiş etdirilir, ərəb dilində isə subtitrlərlə verilir.
Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları Abu Dabidə filmin premyerasını izləyiblər.
Qeyd edək ki, filmin təqdimatı 2016-cı il oktyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilib. Layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.