XRİTDX: Əhəmiyyətli kiberhücumların araşdırılması üçün xüsusi qruplar yaradılır
- 05 sentyabr, 2025
- 11:26

Azərbaycana qarşı kiberhücumlar fasiləsiz şəkildə davam edir və demək olar ki, hər gün qeydə alınır.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücumların intensivliyi müxtəlif dövrlərdə artıb-azalır:
"Amma normal şəraitdə, məsələn, DDoS hücumlarını biz gündəlik müəyyən həcmlərdə müşahidə edirik. Bununla yanaşı, fişinq hücumları, elektron poçt üzərindən həyata keçirilən əməliyyatlar, eləcə də son günlər daha çox müzakirə olunan - "Telegram" üzərindən vətəndaşların yoluxdurulması və məlumatların ələ keçirilməsi halları da mövcuddur".
T.Məmmədov əlavə edib ki, bütün bu proseslər daimi monitorinq altındadır:
"Daha əhəmiyyətli kiberhücumlar müşahidə olunanda onların araşdırılması üçün xüsusi qruplar ayrılır, təhlil aparılır və nəticələr aidiyyəti qurumlarla bölüşdürülür. Bu isə hücumların arxasında dayanan tərəflərin aşkarlanmasına və digər istiqamətlərdə tədbirlərin görülməsinə imkan yaradır".