“Verizon” “Yahoo” və AOL-u satacaq
- 03 may, 2021
- 15:39

ABŞ-ın “Verizon Communications” telekommunikasiya şirkəti “Yahoo” və AOL kimi platformaları da əhatə edən mediaaktivlərinin satışını elan edib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, alıcı qismində “Apollo Global Management” özəl investisiya şirkəti çıxış edəcək. Sövdələşmə məbləği 5 milyard ABŞ dolları təşkil edəcək.
Satışdan sonra mediaaktivlər “Yahoo” brendi altında konsolidasiya ediləcək, “Verizon” isə şirkətdəki 10%-lik payını saxlayacaq.
Qeyd edək ki, “Verizon Communications” 2015-ci ildə “AOL”, 2017-ci ildə isə “Yahoo”nun alınması üçün 9 milyard ABŞ dollarından çox pul ödəyib. “Yahoo” və AOL-un yenidənqurmadan sonra istifadəçilər arasında yenidən tələbatlı olacağı planlaşdırılırdı, lakin şirkətlər gəlirlər üzrə hədəf göstəricilərinə çatmayıb. Bu səbəbdən “Verizon” “HuffPost” xəbər agentliyi və “Tumblr” bloq platformasından başlayaraq tədricən mediaaktivlərini satmağa başlayıb.
2020-ci ildə “Verizon Communications”ın media biznesinin gəliri 5,6% azalaraq 7 milyard ABŞ dollarına düşüb. 2021-ci ilin birinci rübündə isə gəlir 10% artaraq 1,9 milyard ABŞ dollarına çatıb.