Taleh Kazımov: "İstedadlar gələcək dəyişikliklərin hərəkətverici qüvvəsidir"
- 04 sentyabr, 2025
- 19:27

İnnovasiyaların, texnologiyaların inkişafı və istedadlı gənclərə dəstək bu gün ölkənin və dünyanın gələcəyinə qoyulan əsas investisiyalara çevrilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) 49-cu dünya finalının bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, gələcək qlobal dəyişikliklərin hərəkətverici qüvvəsi məhz istedadlar və gənc proqramçılardır.
"Sizi qonaq etmək və ölkəmizin və gözəl Bakı şəhərimizin zəngin irsini bölüşmək bizim üçün böyük şərəfdir. Bu yarışmanı dəstəkləyən yerli komanda olaraq biz innovasiyalara, texnologiyaya və hər şeydən əvvəl istedada sərmayə qoymaq vizyonundan ilhamlandıq. Xüsusilə də istedadlara sərmayə qoymaqdan. Çünki siz gələcək dəyişikliyin hərəkətverici qüvvəsisiniz. Səmimi qəlbdən ümid edirəm ki, vətənə qayıtdıqdan sonra müsabiqə ilə bağlı xatirələri qoruyacaq, eyni zamanda mədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin hərarətini və əlbəttə ki, bu günlərdə tapdığınız uzunmüddətli dostluğu xatırlayacaqsınız", - T. Kazımov qeyd edib.
O, həmçinin yarışın gedişatını, komandalar arasında gedən rəqabəti maraq və həyəcanla izlədiyini də vurğulayıb.
"Başa düşdüm ki, yazdığınız alqoritmlər sadəcə kod sətirləri deyil. Onlar sizin yaradıcılığınızı, əzmkarlığınızı və ən əsası komanda işinizi əks etdirir. Siz planetimizin rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər və istedadlar cəmiyyətinin bir hissəsi olursunuz. Problemləri həll etməyə, yeni şeylər yaratmağa və ən əsası bu dünyanın layiqli vətəndaşları olaraq qalmağa davam edin", - AMB sədri əlavə edib.