SOCAR rəsmisi: "Düzgün məlumat idarəçiliyi olmadan süni intellekt gözlənilən nəticəni verməyəcək"

İKT
  • 03 iyun, 2026
  • 13:02
SOCAR rəsmisi: Düzgün məlumat idarəçiliyi olmadan süni intellekt gözlənilən nəticəni verməyəcək

Rəqəmsal təşəbbüslərin 85 %-i aşağı keyfiyyətli məlumatlar səbəbindən uğursuz olur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Satınalmaların inkişafı və təkmilləşdirilməsi departamentinin rəis müavini Elçin Musayev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

"Bu, qlobal statistikadır. Məlumat bütün təşkilatlar üçün vacibdir. Bu gün böyük təşkilatların əksəriyyəti məlumat qıtlığından deyil, aşağı keyfiyyətli, uyğunsuz, pərakəndə və natamam məlumatlardan əziyyət çəkir. Bəs məlumat niyə vacibdir? Çünki təşkilatların düzgün qərar qəbul etməsi üçün etibarlı məlumat bazasına ehtiyacı var. Rəqəmsal alətlərin və süni intellektin tətbiqi prosesləri sürətləndirə bilər. Lakin əlinizdə qeyri-dəqiq və ya aşağı keyfiyyətli məlumat varsa, bu texnologiyalar sadəcə həmin prosesləri daha sürətli həyata keçirəcək. Nəticədə isə daha tez, amma keyfiyyətsiz nəticə əldə olunacaq. Bu səbəbdən rəqəmsal transformasiya həyata keçirilərkən ilk növbədə məlumatların idarə olunmasına (data governance) və əsas məlumatların idarəetməsinə (master data management) diqqət yetirilməlidir. Düzgün məlumat idarəçiliyi olmadan heç bir rəqəmsal alət və ya süni intellekt həlli təşkilat üçün gözlənilən nəticəni verməyəcək", - deyə o qeyd edib.

SOCAR rəsmisi həmçinin deyib ki, rəqəmsal transformasiyada əsas məsələ texnologiya deyil, insan faktorudur: "Texnologiyanın tətbiqini transformasiya prosesinin ən çətin hissəsi hesab etmirəm. Əksinə, bu, prosesin ən asan mərhələsidir. Proseslər də təşkilatın tələblərinə uyğun olaraq yenidən qurula bilər. Lakin ən kritik məsələ insanların düşüncə tərzidir. Bir çox təşkilatlarda yeni dəyişikliklərin tətbiqi zamanı əməkdaşların müqaviməti ilə qarşılaşmaq mümkündür. Buna görə də rəqəmsal transformasiyanı daha çox ‘dəyişikliklərin idarə edilməsi" prosesi kimi qiymətləndirirəm. Çünki uğurlu transformasiya üçün ilk növbədə insanların düşüncə tərzi dəyişməli, onlar yeni texnologiyaları qəbul etməyə hazır olmalıdırlar.

Bu baxımdan, texnologiyalara investisiya yatırarkən paralel şəkildə işçi heyətinin bilik və bacarıqlarının artırılmasına, təlim proqramlarına da sərmayə qoyulmalıdır. Əgər əməkdaşlar yeni texnologiyalarla işləmək bacarığına malik deyillərsə, süni intellekt və digər rəqəmsal alətlərdən səmərəli istifadə etmək mümkün olmayacaq. Mənim fikrimcə, rəqəmsal transformasiyada prioritetlər belə sıralanmalıdır: birinci yerdə insanlar, ikinci yerdə proseslər və yalnız üçüncü yerdə texnologiyalar".