Şahmar Hacıyahyayev: "WorldSkills Şanxay 2026" Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir"

İKT
  • 21 oktyabr, 2025
  • 17:57
Şahmar Hacıyahyayev: WorldSkills Şanxay 2026 Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir

Gələn il sentyabrın 22-27-də Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq yarış Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir.

Bunu "Report"a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyahyayev bildirib.

O qeyd edib ki, ölkədə kibertəhlükəsizlik sahəsinə olan marağı artırır və ən əsası, insan kapitalının inkişafına ciddi töhfə verir: "Son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsinin sürətli inkişafı aydın şəkildə müşahidə olunur. Bu inkişaf dövlət səviyyəsində atılan ardıcıl və məqsədyönlü addımların nəticəsidir. Xüsusilə, Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2023-2027-ci illəri əhatə edən Kibertəhlükəsizlik Strategiyası" bu istiqamətin ölkə üçün milli prioritetlərdən birinə çevrildiyini təsdiqləyir. Strategiya çərçivəsində kadr potensialının artırılması, insan resurslarının inkişafı, beynəlxalq təcrübənin mənimsənilməsi və yerli texnoloji həllərin yaradılması əsas hədəflər sırasında yer alır. Bu siyasət nəticəsində Azərbaycanda artıq kiber ekosistem formalaşmağa başlayıb. Lakin bu mühitin davamlı və effektiv fəaliyyəti üçün ən vacib şərt - yüksək ixtisaslı kadrların, başqa sözlə desək, "kiber əsgərlərin" yetişdirilməsidir. Müasir dövrdə ölkələrin təhlükəsizliyi həm sərhədlərlə, həm də rəqəmsal müdafiə səviyyəsi ilə ölçülür".

İRİA rəsmisi əlavə edib ki, beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib. Hazırda 170 nəfər müsabiqədə iştirak üçün müraciət edib və seçim mərhələsinin bitməsinə sayılı günlər qalır. Bu rəqəmin 200-ə çatacağı gözlənilir.

"Seçim zamanı iştirakçıların kibertəhlükəsizlik sahəsində praktiki bilik və bacarıqları, həmçinin mövcud sertifikatlara malik olmaları da nəzərə alınır. Daha əvvəl bu tip beynəlxalq müsabiqələrdə iştirak etmiş şəxslərə də müəyyən üstünlük verilir",-deyə o qeyd edib.

Ş.Hacıyahyayev qeyd edib ki, "WorldSkills" təkcə bir sahə ilə məhdudlaşmır – o, sənaye, məişət və təhsil daxil olmaqla, onlarla müxtəlif peşə istiqamətini əhatə edir: "Son illərdə kibertəhlükəsizlik də bu siyahıya daxil edilərək yarışmanın ən aktual və strateji sahələrindən birinə çevrilib. Rəqəmsal dünyanın genişlənməsi fonunda bu istiqamətin əhəmiyyəti sürətlə artıb və artıq "WorldSkills"in ayrılmaz hissəsinə çevrilib.

Əvvəlki illərdə yarışlarda müxtəlif peşə sahələri üzrə 70-80 ölkə iştirak edib. Kibertəhlükəsizlik üzrə isə 20-25 ölkə öz komandalarını göndərib. Texnoloji cəhətdən inkişaf etmiş bəzi ölkələr - məsələn, Çin, Cənubi Koreya, Yaponiya və digərləri - yarışmada bir neçə komanda (bəzən 10-12) ilə təmsil olunurlar.

Hazırda Azərbaycan bu sahə üzrə bir komanda ilə iştirak edir".

Son xəbərlər

Bütün Xəbər Lenti